Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 16:48
Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, çempionatın üçüncü günündə qadınlar 57, kişilər isə 73 kiloqram çəki dərəcəsində mübarizə aparırlar.
Kişilərin yarışında iki cüdoçumuz mübarizəyə qoşulub. Təmsilçimiz Rüstəm Orucov belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda R.Orucovun rəqibi komanda yoldaşı Hidayət Heydərov olub.
H.Heydərov isə yarımfinaladək macarıstanlı Frigies Szabo, Rusiya cüdoçusu Musa Moquşkov, Böyük Britaniya idmançısı Erik Ham və tacikistanlı Behruzi Xojazodan üstün olub. Cüdoçularımızın duelindən R.Orucov qalib ayrılaraq finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi “Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olub. R.Orucov rəqibinə ipponla uduzub və çempionatın gümüş medalı ilə kifayətlənib.
Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər. Bu gün isə İçinxorloo Munxtsedev (57 kq) fəxri kürsüyə yüksəlməyi bacarmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin