Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2021 16:21
"Əslində Soçi görüşündə Nikol Paşinyan iştirak etmək istəmirdi".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Ermənistanın daxilində vəziyyət daha da betər ola bilər:
"Xatırlayırsınızsa, Ermənistan baş naziri noyabrın 9-da Soçidəki görüşə gəlməkdən imtina etmişdi, yekun bəyanata imza atmaqdan qaçmışdı və ən sonun Soçi görüşünə də (26 noyabr) qatılmaq istəmirdi. Son anda Rusiyanın təzyiqlərinə görə ora qatılmağa məcbur oldu. Aydın məsələdir ki, əgər Paşinyan görüşə qatılmaq istəmirsə, oradakı öhdəlikləri də demək ki, yerinə yetirmək istəmir. Demək ki, o, nə kommunikasiyaların açılmasını, nə Zəngəzur dəhlizini, nə də Rusiyanın vasitəçiliyi ilə digər bir münasibətlərin yaradılmasını istəmir. Hətta bununla bağlı Avropa İttifaqına, Şarl Mişelə də müraciət etmişdi ki, o, vasitəçi olsun. Bu deməyə əsas verir ki, Paşinyan əsas Soçi görüşünü və onun nəticələrini sabotaj edəcək, biz hazırda da bunun şahidi oluruq.
Açıq şəkildə görünür ki, Paşinyan nə kommunikasiyaların açılmasına, nə dəhlizlə bağlı məsələlərə, nə də sərhədlərin təyin edilməsi ilə bağlı delimitasiya və demarkasiya məsələlərinin heç birini yerinə yetirməyə tələsmir və hətta onları böyük ehtimal ümumiyyətlə heç yerinə yetirmək istəmir. Soçi görüşündən sonra Ermənistan tərəfindən Azərbaycanın mövqelərinin atəşə tutulmasını iki istiqamətdə dəyərləndirmək olar:
I. Bununla Paşinyan sərhəddə gərginlik olduğunu, ona görə də sərhədlərin delimitasiya, demarkasiyasının aparılmasının mümkün olmadığlnı, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyünü çatdırmaq istəyir.
II. Paşinyan bu təxribatlarla münaqişənin həll edilmədiyini, aktiv qaldığını və bu minvalla da həm ATƏT-in Minsk Qrupunu, həm də Qərb ölkələrinin yenidən münaqişəyə diqqət ayırmağa, vasitəçilik etməyə meyilləndirdiyini düşünmək olar. Eyni şəkildə, bu təxribatların Rusiyaya bağlı "Qarabağ klanı" tərəfindən həyata keçirildiyini ehtimal etmək olar ki, bunun da əsas səbəbi, bu cür təxribatlarla Paşinyanı qorxutmaq, çəkindirmək və ona əgər Rusiyanın vasitəçilik etdiyi Soçi anlaşmasından kənara çəkilərsə, Qərbdə özünə yeni tərəfdaşlar, yeni vasitəçilər tapmağa cəhd edərsə, o zaman bu şəkildə sərhəd təxribatları və ölkə daxilindəki qeyri-stabillik ilə, münaqişə ilə, itkilərlə onun cəzalandırılacağını siqnal kimi də başa düşmək olar.
Hər iki halda bu, Ermənistan daxilində artıq Rusiyaya bağlı vahid mövqe olmadığını və buna görə də Qərbçi, Sorosçu Paşinyan cəbhəsi ilə Rusiyaya bağlı "Qarabağ klanı" arasındakı münasibətlərin getdikcə daha da ciddiləşəcəyini, gərginləşəcəyini deməyə əsas verir".
Təhməz Əsədov