Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 19:28
"Keşlə"nin yarımmüdafiəçisi Aldair Neto üçün il bitib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu barədə paytaxt klubunun baş məşqçisi Sənan Qurbanov məlumat verib.
41 yaşlı çalışdırıcı portuqaliyalı futbolçunun zədəsinin ciddi olduğunu söyləyib. O, Premyer Liqanın XII turunda "Sabah"la görüşdə zədələnən 27 yaşlı orta sahə oyunçusunun XIV turda "Sumqayıt"la matçı da buraxacağını söyləyib: "Komandada İlkin Qırtımovun mikrozədələri var. Netoda isə zədə daha ciddidir. Onun "Sumqayıt"la qarşıdakı çempionat oyununda da iştirak etməyəcəyi dəqiqdir".
Qurbanov digər aparıcı oyunçuların Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"la (2:1) matçda meydana çıxmamalarına da aydınlıq gətirib: "Onları riskə atmaq istəmədik. Bəzi oyunçuların əzələsində dartılma var idi. Onları meydana buraxsaydım, çempionat matçını buraxa bilərdilər".
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" oyunu dekabrın 15-də "Kapital Bank Arena"da keçiriləcək.