Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 21:27
Yaş artdıqca yaddaş zəifliyi, unutqanlıq, diqqətin azalması halları yaranır. Həmin halların qarşısını almaq üçün xalq təbabətində müxtəlif üsullar var.
Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "İlk növbədə qanda hemoqlobin səviyyəsini yoxlatmaq yaxşı olar, çünki qanazlığı zamanı belə hallar ola bilər. Əgər qanazlığı varsa, 10 ədəd limonun şirəsi və 1 kiloqram çuğundur nazik şəkildə doğranılaraq 1 kiloqram balın içərisinə qarışdırılır. 1 həftə soyuducuda saxlanılandan sonra, qarışdırılıb süzülür, gündə üç dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir.
Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə möhkəmləndirir.
Baş nahiyəsindən qan alınması yaddaşsızlıq və diqqət zəifliyi üçün möhtəşəm vasitədir, eyni zamanda baş ağrılarını götürür, görmə qabiliyyətini yaxşılaşdırır, əzbərləmə qabiliyyətini gücləndirir.
Gündə 2 dəfə 1 xörək qaşığı balı 1 stəkan suda qarışdırıb şərbət halında içmək çox xeyirlidir.
1 qram zəfəran 4 yerə bölünür, bölünmüş hissədən bir hissə götürülərək yarım stəkan isti suya qarışdırılıb 12 saat saxlanılır, sonra stəkan tam dolana qədər süd əlavə edilir. Səhər yuxudan oyananda məhlul içilir və bundan yarım saat sonra zəfəranlar yeyilir".
Həkim yaddaşı gücləndirmək üçün tətbiq olunan məcunun da reseptini verib: "Hərəsindən 40 qram olmaqla qurudulmuş zəncəfil tozu, qinko biloba yarpağının tozu, çiçək tozu, yapon saforası çiçəyinin tozu, jenşen kökünün tozu 1 kiloqram balla qarışdırılır. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı qəbul edə bilər".