Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 23:58
Yeni növ koronavirus (COVID-19) infeksiyasının diaqnostik dəyərləndirilməsində əsas müayinə metodu kimi PZR testlərindən istifadə edilir. PZR testi koronavirusun bütün ştamlarına qarşı total selektivlik göstərməklə virusa yoluxmanı təsdiq edir. Böyük Britaniya alimləri noyabr ayının sonunda COVID-19-un mutant ştamlarının tanınmasına təminat verən modern PZR testi hazırladıqlarını bildirdilər və onu Allel Spesifik PZR testi adlandırdılar. Lakin hazırda bütün dünya ölkələrində əsas təyinat metodu kimi elə klassik PZR testindən istifadə olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Professor bildirib ki, PZR testinin nəticəsi ilə yoluxmanı hansı mutantın törətdiyi yalnız ehtimal oluna bilər: "Yoluxmanın təminatlı təsdiqi üçün virusun genom ardıcıllığı testinin (beynəlxalq terminologiya ilə buna "sequencing test" deyilir) aparılması lazımdır. Bunun üçün müayinə materialları xüsusi laboratoriyaya göndərilir. Həmin analiz çox mürəkkəbdir və iki həftəyə qədər vaxt tələb edir. Digər tərəfdən, bu analizi hər laboratoriya işçisi apara bilmir, çünki xüsusi bacarıq vərdişlərilə yanaşı, həm də laborator avadanlıq dəsti tələb olunur. Ona görə də PZR testi müsbət çıxdığı hallarda belə virusun genom ardıcıllığı testi heç bir ölkədə 100 faiz nisbətində aparılmır. Məsələn, Rusiyada PZR testi müsbət olduğu zaman yalnız 5-10 faiz hallarda virusun genom ardıcıllığı testi öyrənilir. Avropa ölkələrində də bu müayinə çox aşağı faiz nisbətində aparılır. Ona görə də COVID-19-un ştamları arasında kəskin fərq təyin edərək stres keçirmək və qorxuya düşmək lazım deyil. Sadəcə olaraq, gigiyenik qaydalara əməl etmək və vaksinasiya olunmaq kifayətdir".