Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 16:52
Son günlər heç nədən xəbəri olmayan sadə vətəndaşa vergi orqanında vergiödəyicisi kimi uçota alınması barədə bildiriş gəlir. Ona eyni zamanda vergi öhdəliyinin olduğu bildirilir ki, bu da təbii olaraq vətəndaşları narahat edir.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən vergi məsələləri üzrə mütəxəssis İlqar Əsədovun sözlərinə görə, bütün bu kimi əməliyyatlar əslində qeyri-qanuni əməllərin və bu cür əməllərə yaradılan münbit şəraitin son nəticəsi olaraq ortaya çıxır: "Təəssüf ki, vergi qanunvericiliyinin bir sıra sadələşdirilmiş vergitutma sxemlərindən vergiödəyiciləri vergidən yayınma sxemi kimi istifadə edirlər. Bu cür sxemlərdən biri əlvan və qara metal qırıntılarının faktiki olaraq başqa şəxslərdən alınıb sadə vətəndaşların adına rəsmiləşdirilməsidir. Sıravi vətəndaşlar onların adına bu cür rəsmiləşdirilmələrə razılıq verməməlidir, əks halda, birmənalı şəkildə vergi uçotuna alınmalı və vergi ödəməli olacaqlar".
Metal və ya metaldan hazırlanmış məhsulların istehsalı sahəsində buna bənzər hallar olduqca geniş vüsət alıb. Bu məsələ indiyədək aktual olaraq qalmaqdadır. Təsadüfi deyil ki, vergi orqanları tərəfindən 2021-ci ildə bu sektorda çalışan istehsalat müəssisələrində ciddi nəzarət tədbirləri həyata keçirilib.
İ.Əsədov qeyd edib ki, iri istehsalat müəssisələri vergiödəyicisi kimi uçotda olmayan şəxslərə müəyyən razılaşdırılmış məbləğ ödəməklə və ya onlara mənfəət təqdim etməklə əlvan və qara metal qırıntılarını onların adlarına rəsmiləşdirir və dövlətə sadəcə Vergi Məcəlləsi ilə müəyyən edilmiş 2 faiz dərəcəsində vergi ödəməklə həm vergilərdən, həm vergi uçotuna alınmaqdan, həm də qanuni olmayan yollarla aldığı mallara görə maliyyə sanksiyasına məruz qalmaq riskindən özlərini azad edirlər.
Vergi mütəxəssisi onu da vurğulayıb ki, vergi orqanları haqlı olaraq bu cür vergidən yayınma sxemləri aşkar etdikdə əməliyyatların faktiki iqtisadi göstəricisini və ağlabatanlıq prinsipini əsas götürərək vergilərin bərpa edilməsi istiqamətində tədbirlər görürlər: "Bir sıra hallarda mühasiblər, sahibkarlar və əlaqədar şəxslərin bu məsələ ilə bağlı etirazlarını görürük. Onlar fikirlərində əsas etibarilə əlvan və qara metal qırıntılarının təqdim edilməsində sahibkarlıq fəaliyyəti hesab olunacaq həddin müəyyən edilməməsini arqument kimi gətirirlər. Lakin unutmaq olmaz ki, vergi qanunvericiliyi mahiyyət və ağlabatanlıq prinsipləri ilə vəhdət şəkildə formalaşıb. Hansısa həddin qanunla müəyyən edilməməsi vergiödəyicilərinə, ələlxüsus da qanunun bu hissəsindən vergidən yayınma sxemi kimi istifadə edən şəxslərə sanki qanun çərçivəsində hansısa əməliyyatları rəsmiləşdirmək və faktiki qeyri-qanuni hərəkətlər etmək hüququ vermir".
Lakin vergi orqanları vergini dövlət büdcəsinə bərpa edərkən Vergi Məcəlləsinə və Konstitusiyaya əsaslanan heç bir şəxs əldə etdiyi gəlirə görə eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur oluna bilməz prinsipini rəhbər tutmalıdırlar.
2022-ci ildən qüvvəyə minməsi gözlənilən Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərdə Məcəllənin 101.6-cı maddəsi ilə müəyyən edilmiş 2 faizlik dərəcənin 5 faizə qaldırılması da yer alıb. Böyük ehtimalla bu təklifin qəbul ediləcəyini və belə mübahisəli halların sayının azalacağı güman edilir.