Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 17:38
1962-ci il təvəllüdlü Məlahət BaLayeva Xəzər rayonu Mərdəkan qəsəbəsi sakinidir. Ötən ilin avqust ayından yerimək qabiliyyətini itirib, yatağa məhkum olan Məlahət xanımın şikayətçi olduğu şəxs keçmiş müdiridir. Təbii ki, onu belə adlandırmaq olarsa. Çünki qadının iki ildən çox çalışdığı yerlə nə əmək müqaviləsi olub, nə də başqa bir rəsmi razılaşması. Bununla belə, o, sutkanın 17 saatını günə 15 manat olmaqla qoğal sexində işləyib.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, günlərin qeyri-qanuni çalışmasından narahat olmayan Məlahət xanımın başına iş qəzası gəlir. Qəza zamanı İlqar müəllim adlandırdığı sahibkarın reaksiyası Məlahət xanımı heyrətə salsa da, bunun belə davam etməyəcəyinə inanmaq istəyir. Ona görə də nə təcili yardıma, nə də xəstəxanada soruşanlara hadisənin necə və harada baş verdiyini demir.
Bud sümüyündən iki sınıq, ardıcıl cərrahiyyə əməliyyatları. Nəticədə bir neçə aydır yataq xəstəsinə çevrilən, ona qohumlarının verdiyi əsa vasitəsilə belə yeriyə bilməyən Məlahət xanım bu gün umur. Maddi yardımdan daha, isti münasibət. Amma təəssüf ki, bunu da görə bilmir.
Hazırda bir neçə min manat xərci çıxdığını deyən Məlahət xanım hər yerdən əlacı kəsildiyini deyir. Sahibkarın telefon nömrəsini Məlahət xanımdan öyrənib elə yerindəcə onunla əlaqə saxladıq. O isə söhbətdən yayınıb briqadir Sürəyya xanımla əlaqə saxlamağımızı məsləhət bildi. Özü də rəsmi işçi olmayan Sürəyya xanım sahibkarın tərəfini vermədi. Canlı müsahibəyə isə razılıq ala bilmədik.
Beləliklə, mövzu ilə əlaqədar üz tutduq Dövlət Əmək Müfəttişliyi Xidmətinə. Qurumun Əməyə Nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov bildirdi ki, işəgötürənlə işçi arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmalıdır.
Məlahət xanım geciksə də, hələ hər şey itirilməyib. O, lazımi instansiyalara müraciət etməklə hüququnu bərpa edə, təzminat ala bilər. İnanırıq ki, bu hadisədən həm Məlahət xanım, həm onun keçmiş iş yoldaşları, həm də əmək müqaviləsi olmadan çalışan digər vətəndaşlar da dərs alacaq.