Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2022 14:16
Havalar kəskin soyumasa da artıq dəm qazından zəhərlənmə və ölüm halları qeydə alınır. Bu günlərdə Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Xətaidə də dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Bu ilin noyabr ayında Bərdədə Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı, 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu yaşadıqları evdə dəm qazından boğulublar. Dəm qazı ilə bağlı maarifləndirmə işləri aparılsa da, hər il payız-qış mövsümündə dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir.
Artıq 30-dan çox müraciət var
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, havalar soyuyandan indiyədək Mərkəzə 30-dan çox müraciət daxil olub. Onun sözlərinə görə, müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb.
A. Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmə hadisələrinin baş vermə səbəbi insanların bu səssiz ölümə qarşı biganəliyidir. Şöbə müdidi deyir ki, qaz cihazlarının işlədiyi otaqlarda mütləq şəkildə havalandırma olmalıdır:
"Çox təəssüf ki, insanlar əksər hallarda qaz cihazları işləyərkən dəm qazının yarana bilmə ehtimalını nəzərə almırlar. Hamamlarda qaz cihazı yerləşdirmək yolverilməzdir. Əgər qaz cihazı hamamda işlək vəziyyətdədirsə bu zaman hamamın qapısının aşağı hissəsi deşikli olmalı, yaxud da nəfəslik açıq saxlanılmalıdır".
Dəm qazından zəhərlənənə ilkin yardım göstərilməsə...
A. Maqsudov deyir ki, dəm qazı əksər hallarda otaqda qaz qızdırıcısından və hamama quraşdırılmış qaz cihazından düzgün istifadə edilmədiyi halda baş verir. Toksikoloq bildirir ki, dəm qazından zəhərlənmə zamanı ilkin əlamətlər başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmalarıdır. A. Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməlidir ki, xəstə vəziyyətdən çıxardılsın. Bu zaman zəhərlənən şəxs təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, ehtiyac yarandığı halda süni nəfəs vermək lazımdır. Daha sonra zəhərlənmiş xəstə xəstəxanaya çatdırılaraq orada tibbi yardım göstərilməlidir".
Köhnə evlərin sökülməsi dəm qazı zəhərlənmələrini azaldıb
Azad İstehlakçılar Birliyinin Kommunal Məsələlər üzrə eksperti Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə dəm qazından zəhərlənmə və ölüm halları azalıb. Bu isə paytatxda inşa olunmuş gecəqonduların sökülməsi sayəsindədir.
N. Qasımov deyir ki, dəm qazından zəhərlənmə və ölüm halları qaz cihazlarından istifadə qaydalarının kobud pozulması nəticəsində baş verir. Onun sözlərinə görə, qaz cihazının yandığı otaqda qazın yanması üçün hava olmalıdır: " 1,5 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatmadığı zaman və ya həddən çox olduğu zaman karbon 4 oksid (CO2) əvəzinə karbon monoksid (CO) ayrılır. CO - karbon monoksid olduqca zəhərli qazdır və insanı da bu zəhərləyir. Bundan əlavə otağın sahəsi qaz cihazına uyğun olmalıdır. Qazdan yanarkən ayrılan tüstünün bayıra çıxışı olmalıdır. Çox vaxt insanlar ev, hamam isti olsun deyə hamamlarda qapının altındakı deşikləri və nəfəslikləri bağlayırlar. Bu da nəticədə içəridə dəm qazının yaranmasına səbəb olur".
Qaz keyfiyyətsizdir, yoxsa?
N. Qasımovun sözlərinə görə, dəm qazı zəhərlənmələrində qazın keyfiyyəti rol oynamır: "Azərbaycan qazı xarici ölkələrə də satır. Qazın tərkibinə iyi hiss olunsun deyə müvafiq maddə vurulur. Bu isə zəhərlənməyə səbəb ola bilməz".
30 manatla həyatımızı xilas edə bilərik
Ekspert bildirir ki, qazdan zəhərlənmə və ölüm hallarının, eləcə də qaz partlayışlarının qarşısını almaq üçün evlərə detektorlar quraşdırılmalıdır: "Bu cihaz elə də baha deyil. Qiymət 30-35 manat arasında dəyişir. Xarici ölkələrdə bütün mənzillərə bu cihaz quraşdırılır ki, dəm qazı yarandıqda, qaz açıq qaldıqda abonentin xəbəri olsun. Çünki, cihaz bu zaman siqnal verir. Bizdə isə təəssüf ki, çox az mənzildə detektor var. Hesab edirəm ki, bu cihazdan istifadə məcburi olmalıdır".
AİB səlahiyyətlisi deyir ki, binalarda hər il payız-qış mövsümü öncəsi tüstü bacaları təmizlənməldir.
Evinizdə bunlara əməl etməsəniz...
Fövqəladə Hallar Nazirliyindən isə bildirdilər ki, əhali qazdan düzgün istifadə etməli, maarifləndirici məlumatlara diqqət yetirməlidirlər: "Dəm qazının yaranmaması üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Əks halda dəm qazı ölüm təhlükəsi yarada bilər.
Nazirlikdən həmçinin qeyd etdilər ki, dəm qazından zəhərlənmə özünü baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıqla göstərir. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!