Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 17:48
Ədliyyə Nazirliyi tərəfindən 34 dövlətin, o cümlədən Avropa, Asiya, Afrika qitələrindən, Yaxın Şərq, MDB və sərhədyanı ölkələrin ədliyyə qurumları ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edilir.
Nazirlikdən verilən məlumatda bildirilir ki, beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 23 minə çatıb.
Qonşu və dost İranın Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair Memorandum və Birgə Bəyanat, həmçinin hüquqi yardım sahəsində dövlətlərarası müqavilələr çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət, o cümlədən məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşları olduqları ölkələrə verilməsi həyata keçirilir.
Dövlətimizin hər zaman qarşılıqlı hörmətə, mehriban qonşuluğa əsaslanan humanist siyasətinin və xoş niyyətinin əyani təzahürü olaraq cari il yanvarın 19-da ölkəmizdə cəza çəkən 3-ü qadın olmaqla 21 iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib. Bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.
Bütün bu tədbirlər məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və sosial adaptasiyasına xidmət edir.
Beləliklə, son 5 ildə 136 məhkum qarşı tərəfə verilib, bununla yanaşı dövlətimizin humanist aktları ilə həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub, qəbul edilmiş amnistiya aktları, o cümlədən Zəfər Günü münasibətilə elan olunmuş amnistiya və ya digər aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər.
Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər bundan sonra da davam etdirəcəkdir.