Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 22:10
Hayfa şəhərindəki "Karmel" xəstəxanasında bədxassəli şişin kəsilib götürülməsi əməliyyatları çox aparılıb, lakin indiyə qədər heç vaxt belə ahıl yaşlı xəstəyə əməliyyat aparılmayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Hatsor ha-Qlilit qəsəbəsinin sakini Əziz Levinin 106 yaşı var. Bir neçə gün bundan əvvəl "Karmel" xəstəxanasının cərrahları onun yoğun bağırsağındakı bədxassəli şişi uğurla kəsib götürüblər.
Levinin sənədlərində göstərilir ki, o, 1915-ci ilin aprel ayında İraqda doğulub. Xəstəxananın şöbə müdiri Aye Biterman deyir: "Pasiyentin neçə yaşı olduğunu öyrənəndə biz əvvəlcə ona əməliyyat aparmağa ehtiyat edirdik. Bu yaşda xəstələrin çoxlu əlavə problemləri olur. Bu səbəbdən onlara narkoz verilməsi və əməliyyat özü təhlükəlidir. Lakin müxtəlif ixtisaslı həkimlərdən ibarət konsilium keçirəndən sonra həmin şişi kəsib götürməyi qərara aldıq".
Xəstə diqqətlə müayinə edildikdən və ailəsinin razılığı alınandan sonra onu əməliyyata dəvət ediblər. Doktor Bitermanın və həmkarlarının apardığı əməliyyat 3 saat davam edib və uğurla başa çatıb.