Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb

Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb

Tarix: 26 Yanvar 2022 23:46

Vergi Məcəlləsinə edilən dəyişikliklər fiziki şəxslərə verilən vergi güzəştləri ilə bağlı müddəaları da əhatə edir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən vergi mütəxəssisi İlqar Əsədovun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir: "Əvvəllər hər hansı statusa uyğun gələn şəxs müvafiq statusunu təsdiq edən sənədləri nə zaman təqdim edərdisə, işəgötürənlər də həmin aydan etibarən onun gəlirlərinə güzəşt tətbiq edirdi və əvvəlki tarixləri nəzərə almırdılar. Bu barədə bəyannamələrdə hər hansı dəqiqləşdirilmə verilmirdi. Dəyişiklikdən sonra qüvvəyə minmiş yeni yanaşmaya görə, işə cari ilin yanvar ayında başlayan vergi güzəşti hüququ olan şəxs, məsələn, dekabr ayında güzəşt hüququnu təsdiq edən sənədi təqdim etsə, mühasibat onun güzəşt hüququnu əmək müqaviləsinin hüququ qüvvəyə mindiyi tarixdən, yəni yanvar ayından nəzərə almalıdır".

İ.Əsədov diqqətə çatdırıb ki, dəyişiklik real çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Bir sıra hallarda güzəşt hüququ olan şəxslər, müvafiq arayışları, sənədləri almaqda ciddi çətinliklər çəkirlər.

Dəyişiklik başqa bir problemi də həll edir. İndiyədək güzəşt hüququ sənədlərin təqdim edildiyi andan yaranırdı. Bu isə o deməkdir ki, işçi sənədi mühasibata ayın 17-də təqdim etdiyi halda, həmin ayın ilk 17 gününə güzəşt tətbiq olunmurdu. Bu isə bəyannamələrin təqdim edilməsi baxımından texniki çətinlik yaradırdı: "Bundan başqa, sənədlərin təqdim edildiyi an ifadəsi işi bir qədər də çətinləşdirirdi: bəzən verilmiş arayışın, sənədin tarixi başqa ola bilər, lakin işçi onu müəyyən səbəblərdən iş yerinə bir qədər gec təqdim edə bilərdi. Yeni dəyişikliklə bu cür hallar aradan qalxmış oldu", - deyə iqtisadçı qeyd edib.


Etiketlər:  Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ