Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DSMF vətəndaşın sosial yardımla bağlı müraciətinə yanlış cavab verib - VİDEO

DSMF vətəndaşın sosial yardımla bağlı müraciətinə yanlış cavab verib - VİDEO

Tarix: 12 Fevral 2022 12:50

Ağsu rayonu, Gəgəli kənd sakini Ceyran Həsənovanın ünvanlı dövlət sosial yardımı üçün aidiyyəti üzrə müraciətinə imtina cavabı gəlib.

Ailənin iddiasına görə, imtinaya səbəb kimi vətəndaşın adına hansısa telefon nömrəsinin qeydiyyatda olduğu göstərilib.

Milli.Az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, Ceyran Həsənovanın həyat yoldaşı Şəxsiyyət Həsənov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi məktubla göndərilən imtina cavabında qeyd olunan nömrədən ümumiyyətlə xəbərsizdir və ailənin belə bir telefon nömrəsi yoxdur.

Şəxsiyyət Həsənov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinasına səbəb kimi göstərdiyi nömrə ilə bağlı aidiyyəti quruma da müraciət edib. Həmin qurumdan göndərilən məktubda onun adında belə bir telefon nömrəsinin olmadığı qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu isə vətəndaşa qarşı yanlışlığa yol verildiyini etiraf edib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili "Xəzər Xəbər"ə bildirib ki, Həsənova Ceyran İslah qızına avtomatik göndərilən cavab mətnində qeyri-dəqiqlik olub. Onun sözlərinə görə, bu qeyri-dəqiqlik ünvanlı dövlət sosial yardımı üçün müraciət üzrə elektron sistemdə bir sıra qurumların informasiya resurslarına inteqrasiya şəraitində qısamüddətli texniki uyğunsuzluqdan qaynaqlanıb.

"Mövcud uyğunsuzluq müvafiq qurumlara sorğu göndərilməklə dərhal aradan qaldırılıb. Hazırda vətəndaş ünvanlı sosial yardımla bağlı təyinata namizəddir. Yaxın günlərdə yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi aparılacaq, nəticəsinə uyğun qərar qəbul olunacaq və bu barədə ailəyə məlumat veriləcək",- deyə Rəşad Mehdili bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  DSMF vətəndaşın sosial yardımla bağlı müraciətinə yanlış cavab verib VİDEO


RƏYLƏR