Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2019 16:15
Bakı. Elçin Mehdiyev – Trend:
Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kommunikasiya davam edir. Kommunikasiyanın bu ilin sonunadək yekunlaşması gözlənilir.
Bunu özəl olaraq Trend-ə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, bu istiqamətdə bütün zəruri tədbirlər görülməkdədir.
Kollegiya sədrinin sözlərinə görə, bu ilin sonunadək kommunikasiyanın yekunlaşdırılacağı gözlənilir və qısa vaxt ərzində işə baxılacaq:
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı şikayət ərizəsi hazırlanıb və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb".
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin