Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lordoz və kifoz nədir?

Lordoz və kifoz nədir?

Tarix: 17 Mart 2022 22:30

Onurğa sütunu boyundan başlayaraq büzdüm hissəsinə qədər davam edir. O, bir sıra vacib funksiyaları yerinə yetirir: başa və ətraflara dayaqdır; onurğa beynini müdafiə edir; həmçinin hərəkəti təmin edir.

Onurğa sütunu 3 seqmentə bölünür: boyun, döş və bel nahiyələri. Əgər onurğa sütununa yandan baxsaq, görərik ki, boyun və bel nahiyələrində qabarıqlıq önə, döş nahiyəsində isə qabarıqlıq arxa tərəfədir. Onurğa sütununun vəziyyətindəki hər hansı kənara çıxmalar ağrı, halsızlıq, tarazlığın pozulması və qamət pozulmalarına səbəb ola bilir.

Onurğa sütununun normal əyriliklərindən kənara çıxmalar onurğanın deformasiyaları adlanır. Bura daxildir:

- Kifoz (qozbellik) - bu tip deformasiya onurğa sütununun yuxarı şöbəsinin normadan artıq anormal əyilməsidir.

- Lordoz - bu tip deformasiya zamanı onurğanın normadan artıq əyilməsi baş verir. Nəticədə budlar arxaya doğru yerləşmiş və qarın önə qabarmış kimi görünür.

- Yastı bel sindromu (onurğanın əyriliyinin azalması)

- Skolioz (onurğanın yana əyilməsi)

Lordoz və kifozun hansı növləri var?

Kifozun növləri:

Postural kifoz: kifozun ən geniş yayılmış növüdür. Yaranma səbəbi oturma qaydasının və qamətin  düzgün olmamasıdır.

Şeyerman kifozu: onurğa sütununun ciddi struktur anomaliyası nəticəsində yaranır. Əyrilik adətən kəskin və sərt olur.

Anadangəlmə kifoz: doğuşdan olur. Bətndaxili dövrdə onurğa sütununun düzgün inkişaf etməməsi nəticəsində yaranır.

Lordozun növləri:

Postural lordoz: yaranma səbəbi artıq çəki və qarın-bel əzələlərinin kifayət qədər güclü olmamasıdır.

Travmatik lordoz: Onurğa sütununun travması nəticəsində yaranır, nəticədə onurğa önə əyilir.

Əməliyyat sonrası hiperlordoz: hiperlordoz onurğanın önə həddən artıq əyilməsidir. Bu laminektomiya əməliyyatından sonra yarana bilər.

Sinir-əzələ lordozu: səbəbi müxtəlif növ sinir-əzələ xəstəlikləri ola bilər.

İkincili lordoz: bu tip lordoz bud-çanaq oynaqlarında anomaliya nəticəsində budların bükücü kontrakturası nəticəsində yaranır.

Kifoz və lordozun simptomları hansılardır?

Kifozun əlamətləri:

- Kürək hissədə donqarlıq

- Baş adətən önə yerdəyişir

- Önə əyilən zaman kürək hissə adətən yuxarı olur.

- Beldə ağrı və yorğunluq

- Tənəffüsün çətinləşməsi

Lordozun simptomları:

- Swayback pozası (qarın önə qabarmış olur)

- Beldə və ayaqlarda ağrı

- Ayaqlarda iynəbatma hissi və keyimə

- Ayaqlarda zəiflik

Müalicəsi

Kifozun və lordozun müalicəsi müxtəlif faktorlardan asılı olaraq dəyişir: ağırlıq dərəcəsindən, yaranma səbəbindən, xəstənin yaşından və ümumi vəziyyətindən və s.  

Onurğa sütununun korreksiyası osteopatiya və reabilitasiya ilə aparılır. Xəstəyə düzgün qamətə, düzgün oturma qaydasına nəzarət olunması tapşırılır. Ata minmək, üzgüçülüklə məşğul olmaq tövsiyyə olunur.

Bəzi pasientlərə həkim korset də tövsiyyə edə bilər.

Əli Əlizadə, revmatoloq, osteopat


Etiketlər:  Lordoz kifoz nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ