Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 23:30
Uşaqların həddindən artıq qida qəbul etməsi valideynləri narahat edən məsələlərdən biridir. Bunu bəzən iştahanın çoxluğu ilə əlaqələndirirlər. Mütəxəssislər problemin həm psixoloji, həm də nevroloji səbəblərlə əlaqədar olduğunu deyirlər.
Sonxeber.net bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: "Duyğu üzvlərinin həssaslığı ya normadan aşağı, ya da yuxarı olanda beynin siqnalları qəbul etməsi dəyişir. Ağızda olan dad reseptorlarından birinin normadan artıq olması uşağın çox qidalanmasına səbəb olur. Qidalanma zamanı çeynəmə refleksi beyinə sakitləşdirici siqnal ötürür. Həmin hissədə reflekslərin həssaslığını azaltmaq üçün saqqız çeynəmək, trubkalarla maye qəbul etmək, habelə dişləmək və çeynəmək mümkün olan müxtəlif məhsullardan istifadə etmək olar".
Həmin uşaqlar köklük problemindən də əziyyət çəkirlər və artıq çəki müxtəlif xəstəliklər yaradır. Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova deyib: "İlk növbədə onlarda daxili və xarici piylənmə əmələ gəlir, xüsusilə qarın nahiyəsində çəki artımına səbəb olur. Onlar şəkər xəstəliyinə, böyüyəndən sonra qan təzyiqinə, qaraciyər piylənməsinə meyilli olurlar".
Belə problemlər erkən yaşda müşahidə olunur. Ona görə də uşaqda kökəlmə, piylənmə əlamətlərinin yarandığını hiss edən kimi mütəxəssisə müraciət etmək lazımıdır.