Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 09:45
Bakı. Trend
Azərbaycan iqtisadiyyatında uğurlu islahatların aparılması nəticəsində yüksək artım müşahidə olunur. İqtisadiyyatın artan gücü, bu sahədə artan rəqabət və texnoloji yeniliklər neft və qaz ixracatından asılılığı azaldır.
Bunu TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib.
L.Vaytkyaviçenenin sözlərinə görə, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdir:
"Bu gün bu sahələr ölkə iqtisadiyyatının şaxələndirilməsi strategiyasından bəhrələnir. Azərbaycanın bugünkü uğurlarına imza atılması yolunda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlər görülüb. Ölkədə əlverişli biznes mühiti yaradılıb, gömrük, vergi və digər sahələrdə islahatlar aparılıb. Ölkə infrastrukturuna, habelə yollar, magistrallar, dəmir yolları, hava limanları, elektrikləşdirmə və qazlaşdırma, eləcə də azad iqtisadi, sənaye zonaları və sənaye rayonlarına çoxlu sərmayələr yatırılıb. Kənd təsərrüfatı və turizm sahələrinə də ciddi sərmayələr qoyulub.
Bu gün aparılan işlərin bəhrəsini görürük. 2019-cu ilin birinci yarısında Azərbaycan şirkətlərinin ixrac etdiyi qeyri-neft məhsullarının dəyəri 980 milyon dollara yaxındır. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur. Düşünürəm ki, bu, yaxşı bir göstəricidir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin