Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şəxsən mən ölməyə gedirəm" - Ukraynada döyüşən suriyalı muzdlu

Tarix: 4 Aprel 2022 15:02

Rusiya iddia edir ki, Ukraynaya qarşı döyüşə göndərmək üçün Yaxın Şərqdən 16 minə yaxın könüllü toplayıb. Onların əksəriyyəti suriyalıdır.

Ukrayna hökumətinin və Suriyada insan haqlarının vəziyyətinin monitorinqiylə məşğul olan qeyri-kommersiya təşkilatının (Syrian Observatory for Human Rights - Suriya İnsan Haqları Müşahidə Qrupu) məlumatına görə, bir müddətdir ki, Rusiyanın təşəbbüsüylə döyüşçülərin cəlb edilməsi üçün Dəməşq, Rakka və Hələb də daxil olmaqla, Suriyanın müxtəlif şəhərlərində 14 mərkəz fəaliyyət göstərir.

Suriyanın sosial şəbəkələrində konkret xidmətlər üçün ödənişlərin qeyd olunduğu çox sayda təklifə rast gəlmək olar: cəbhə xəttində hərbi əməliyyatlarda iştiraka görə 7000, arxa cəbhədə iş üçünsə 3500 ABŞ dolları.

Rusiya mətbuatının iddiasına görə, suriyalılar özlərini vətəndaş müharibəsində onlara kömək etmiş Rusiyaya borclu hesab edirlər və həmin borcu bu yolla ödəməyə hazırdırlar.

Milli.Az xəbər verir ki, mövzuyla bağlı araşdırma aparan BBC Ərəb Xidməti müraciət edənlərin bəziləriylə əlaqə saxlaya bilib. Onların dediklərindən belə məlum olur ki, könüllülərin təxminən 80%-i bir tikə çörək üçün Ukraynaya getmək qərarına gəlib. BBC-yə danışanların hamısı anonim qalmalarını istəyiblər.

Ölmək müqabilində qazanc

Təhlükəsizlik baxımından adını və yaşadığı yeri gizli saxladığımız, şərti olaraq Həsən adlandırdığımız şəxs həyat yoldaşı və üç uşağıyla birlikdə Suriya hökumətinin nəzarəti altındakı şəhərdə yaşayır. O, doqquz il Suriya ordusunda xidmət edib, bu dəfə döyüş meydanına Rusiya tərəfdən könüllü olaraq qayıtmaq istəyir.

"Şəxsən mən ölümə gedirəm..." - BBC-nin həmsöhbətlərindən biri özünün Ukrayna müharibəsindəki iştirakını belə görür. Müsahiblərin hamısı jurnalistlərlə anonimlik şərtilə söhbət ediblər.

"Rusiya Ukraynada insanları öldürür, Suriyadan isə çörəkpuluna möhtac olanları toplayır. Onlara kiçik bir məbləğ qarşılığında döyüşmək və ölməyə hazır olmaq təklif edilir" - Həsən belə deyir. O etiraf edir ki, Ukraynaya getməyə məhz pula görə razılıq verib. BBC "Facebook"un ərəb dilli seqmentində könüllüləri Ukraynadakı müharibəyə cəlb edən çox sayda qrup aşkar edib. Onlardan birinin 20 mindən çox üzvü var. Səhifələrin birində könüllülərə bir aya 1500 avro təklif edilir. Qeyd olunur ki, uçuş, yemək, hərbi geyim və digər xərcləri Rusiya hökuməti öz üzərinə götürəcək. Orda yaralılara kompensasiya ödənişi vədi də var. Müharibə bitəndə isə göstərdikləri köməyə görə hər bir könüllüyə 50 min avro ödəniləcək. Hər halda, sosial şəbəkələrdə belə yazılır. "Şəxsən mən ölməyə gedirəm, amma əsas məsələ oğlumu və arvadımı təmin etməkdir. Liviyadakı kimi olacaq... Biz pulu götürəcəyik və gedib yad ölkədə öləcəyik" - statusların birində belə yazılıb. Həsən Ukraynaya pula görə getməyə hazırlaşan ən azı 200 nəfər tanıdığını deyir.

BBC-nin "Facebook" vasitəsilə əlaqə saxladığı digər həmsöhbəti bildirib ki, "Ukraynaya könüllüləri vaxtilə Liviyaya topladıqları kimi yığırlar. Müxtəlif bölgələrdə xüsusi məntəqələr var. Siz ərizə verəndən sonra fikrinizi dəyişib getməyə bilərsiz. Zorla aparmırlar".

Milli.Az


Etiketlər:  Şəxsən mən ölməyə gedirəm Ukraynada döyüşən suriyalı muzdlu


RƏYLƏR