Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 19:44
Polşa 1940-cı ildə Katında həyata keçirilən edamları soyqırım aktı kimi tanımaq üçün beynəlxalq məhkəmələrə müraciət edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
"Unudulmuş və cəzasız qalmış hərbi cinayətlər, insanlığa qarşı cinayətlər günahkarlarda cəzasızlıq hissi yaradır. Onlar öz xələfləri və davamçıları üçün nümunə olurlar. Davamçılar da başqa dövlətlərin və xalqların taleyini həll etmək, onları idarə etmək istədikdə oxşar cinayətlər törədirlər. Biz bunu bu gün Rusiyanın müstəqil və demokratik Ukraynaya qarşı qəddar təcavüzünün gedişində tam şəkildə görürük. Biz Rusiyanın dinc əhaliyə qarşı cinayətlərinin yalanlarla necə əsaslandırıldığını, faktların necə inkar edildiyini görürük", - prezident bildirib.
Andjey Duda 1940-cı il cinayətləri ilə Rusiyanın Ukraynadakı hazırkı hücumu arasında paralellər aparıb:
"Polşa hazırda rusların törətdiyi cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına yönəlmiş bütün hüquqi və diplomatik tədbirlərdə Ukraynanı dəstəkləyəcək. Biz hər şeyi edəcəyik ki, ukraynalı qurbanlar ədalət üçün 80 il gözləməli olmasınlar".
Xatırladaq ki, 1940-cı ildə Sovet hakimiyyəti polşalı hərbi məhbusların kütləvi şəkildə edam edilməsinə icazə vermişdi. Qətllər NKVD tərəfindən martın 5-dən aprelin 5-dək Smolensk yaxınlığındakı Katın meşəsində, həmçinin Tver və Xarkovda törədilib.