Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 11:10
Ermənistan neçə gündür ki, gərgin və ağır günlərini yaşayır. Hakimiyyətin istefası tələbi ilə keçirilən aksiyaların hər an silahlı qarşıdurmaya çevrilmə təhlükəsi yaşanır. Bu barədə artıq neçə gündür ki, yazılır və xüsusi reportajlar təqdim edilir. Məsələnin başqa tərəfi də var. Baş verən aksiyalarda zorakılıq halları aşkar halda görünür, insan hüquqlarının pozuntusu yaşanır. Lakin Qərb mediası, siyasiləri və rəsmi dairələri bu hadisələrə sükutla yanaşır. Halbuki buna bənzər hadisələr Azərbaycanda baş versəydi indi bütün beynəlxalq təşkilatlar Azərbaycanı qınayacaqdı. İkili standartlar yenə göz önündədir. Ermənistana qarşı susmağa üstünlük verirlər.
Yeri gəlmişkən, bu aksiyalarda Rusiyanın xüsusi roluna diqqət yetirilməlidir. Necə oldu ki, birdən-birə aksiyalar bütün ölkəni bürüməyə başladı. Və ən maraqlısı Rusiya rəsmi media orqanlarının konkret olaraq, "Ria-Novosti", "Sputnik Ermənistan" kimi resurslarının qızışdırıcı mövqedən çıxış etmələridir. Bu da onu deməyə əsas verir ki, Ermənistandakı hadisələr əsasən Rusiya tərəfindən qızışdırılır.
Hədəf də bəllidir - Rusiya regionda sülhün olması proseslərini əldən buraxmaq istəmir və sülh yaradılmasına təsir göstərmək istəyir. Əgər Ermənistanda Sarkisyan-Köçəryan hakimiyyətə gələrsə, prezident İlham Əliyevin xəbərdarlıq etdiyi kimi "3-cü Qarabağ müharibəsi qaçılmaz olacaqdır. Bu isə daha pis nəticələrlə sonlanacaq".
Və bu pis nəticə ilk növbədə Ermənistanın bir dövlət kimi yer üzündən silinməsi ilə nəticələnə bilər. Heç xarici müdaxiləyə ehtiyac da olmayacaq. Daxili çəkişmə və qarşıdurma Ermənistanın onsuz da ağır olan vəziyyətini daha da pisləşdirəcək.
Kamran Seyidov