Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 13:54
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanın Türk Şurasına üzvlük qərarı ilə əlaqədar bəyanat yayıb.
XİN-dən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:
"2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanması Türkdilli Dövlətlərinin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu. Belə ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu TDƏŞ-ə daha bir türkdilli ölkə - Özbəkistanın qoşulmaq qərarı açıqlandı. Bu qərarı münasibətilə qardaş Özbəkistanı təbrik edirik.
Özbəkistan Respublikasının Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığımızı müasir zəmanənin tələblərinə uyğun olaraq Türkdilli Dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Özbəkistanın TDƏŞ-ə qoşulması barədə bu tarixi qərarının məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəmzi məna daşıyır. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin