Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 00:03
Bakı. Trend:
Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
İlham Əliyev bildirib ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.
Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır”.
Dövlətimizin başçısı qeyd edib: “Görülmüş işlər deməyə əsas verir ki, biz düzgün yoldayıq. Buna heç bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək.
Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin