Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 10:48
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu, ölkənizdə Sizə olan böyük etimadın təzahürü, Birləşmiş Ərəb Əmirliklərinin inkişafı və çiçəklənməsi yolunda xidmətlərinizə verilən yüksək qiymətdir.
Biz Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu il ikitərəfli əlaqələrimizin tarixində əlamətdar ildönümü - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu dövr ərzində siyasi əlaqələrimizin yüksək səviyyəsi qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin genişlənməsində mühüm rol oynamış, iqtisadi, enerji, investisiya və digər sahələrdə uğurlu əməkdaşlığımızı şərtləndirmişdir.
İnanıram ki, İslam həmrəyliyi kimi möhkəm təməl üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".