Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman Aparatının əməkdaşları Ali Hərbi Məktəb və hərbi hissələrə baxış keçirib

Ombudsman Aparatının əməkdaşları Ali Hərbi Məktəb və hərbi hissələrə baxış keçirib

Tarix: 18 Sentyabr 2019 02:32

Bakı. Trend:

Ötən illərdə olduğu kimi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu günlərdə aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə və Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxış keçiriblər.

Baxışın məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən Ali Hərbi Məktəbin və hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, kursantlar və hərbi qulluqçular üçün yaradılmış tədris və xidmət şəraiti, onlarla rəftar, qidanın keyfiyyəti və müalicə işinin təşkili, habelə Ali Hərbi Məktəbdə kursantlara təqaüdlərin onların adına açılmış kart vasitəsi ilə verilməsi, həmçinin hərbi hissənin ərazisində bir neçə yerdə hərbi qulluqçular üçün asudə vaxtlarında yaxınları ilə əlaqə saxlamaqdan ötrü xüsusi telefon aparatlarının (taksofonların) quraşdırılması müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, söhbətlər aparmış, çoxsaylı sualları cavablandırıblar. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin komandanlığına müvafiq tövsiyələr verilib.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ombudsman Aparatının əməkdaşları Hərbi Məktəb hərbi hissələrə baxış keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ