Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səhər yeməyindən imtina edənlərin - immuniteti zəifləyir

Səhər yeməyindən imtina edənlərin - immuniteti zəifləyir

Tarix: 7 Iyun 2022 21:06

Bəzən vaxt azlığı və ya iştahanın olmaması ilə əlaqədar səhər yeməyindən imtina edənlər olur. Əslində isə səhər yeməyi günün ən vacib qida qəbulu sayılır.
Düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmi lazımi qida maddələri ilə təmin etməklə diqqət və yaddaşı yaxşılaşdırır, sağlam bədən kütləsini qoruyur.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova deyib: "Səhər yeməyi beynin fəaliyyətini gücləndirdiyinə görə məktəbli uşaqlar üçün çox əhəmiyyətlidir. Onlarda yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir. Araşdırmalara görə, səhər yeməyi qəbul edən uşaqlar və böyüklər ondan imtina edənlərdən daha çox A və S vitamini, dəmir, sink və kalsium qəbul edirlər. Hətta çəki artımından ehtiyat edənlər səhər yeməyi vasitəsilə sağlam çəkidə qala bilərlər".

Faydalı səhər yeməyi sağlam sümüklər üçün vacib rol oynayır. Ən çox istifadə olunan süd kalsium, D vitamini və zülallarla zəngindir. Günə ənənəvi qaydada taxıl və süd məhsulları ilə başlayanların orqanizmi yeddi dəfə çox kalsium alır.

Həkim-terapevt Nahid Məhərrəmovun dediyinə görə, səhər yeməyinin qəbul edilməməsi immun sisteminin zəifləməsinə, hətta bəzən mədə qanaxması və yarasına səbəb olur. Səhər yeməyində daha çox ağartı məhsulları və meyvə-tərəvəzdən istifadə olunması daha yaxşıdır, çünki həmin məhsullar bağırsaqların fəaliyyətini yaxşılaşdırır və bu, sağlam orqanizm üçün çox mühüm bir əlamətdir.

Süd və dənli bitkilərdən hazırlanan səhər yeməyi orqanizmdə insulinin səviyyəsinin tənzimlənməsinə kömək edir. Səhər yeməyi orqanizmi uzun müddət tox saxladığından ən azı bir stəkan süd ya təzə portağal şirəsi içmək, dənli bitki tərkibli undan hazırlanmış çörəyin üzərinə az miqdarda yağ çəkərək istehlak etmək, bişmiş yumurta yemək vacibdir. Hətta alma, armud və bananın qəbulu çox faydalıdır.

Milli.Az


Etiketlər:  Səhər yeməyindən imtina edənlərin immuniteti zəifləyir


RƏYLƏR