Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 11:18
Sonxeber.net "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.
Rusiyaya bağlı rəsmi və qeyri-rəsmi çevrələrin, məkrli qüvvələrin Azərbaycan əleyhinə təxribatları səngimək bilmir. Xəbər verildiyi kimi, "RİA-Novosti"nin məlum həyasızlığının ardınca Qarabağda müvəqqəti yerləşmiş Rusiya "sülhməramlıları" srağagün Ermənistan baş prokuroru Artur Davtyanı Xankəndinə buraxıb. O da hər gün "Şeytan yuvası"nda yatıb yuxuda özünü "prezident" görən Araik Arutyunyanla görüşüb - beynəlxalq axtarışa verdiyimiz cinayətkarla.
Şübhə yox ki, hamıdan çox beynəlxalq hüquq normalarını gözləməli olan Ermənistan baş prokurorunun qanunsuz hərəkəti ən əvvəl Bakıya qarşı de-marşdır. 44 günlük müharibədə işğalçı Ermənistanın darmadağın edilməsinə rəğmən, ərazimizdə guya hələ də hansısa "erməni legitim strukturu"nun qaldığını nümayiş etdirmək məqsədi güdən avantürist gedişdir. Yoxsa Azərbaycan türməsinin darıxdığı separatçıbaşı Araik hansı önəmli şəxs, mühüm görəv yiyəsi, səlahiyyət sahibidir, ümumiyyətlə, kimdir ki, Davtyan İrəvandan basa-basa gəlib burada onunla üz-üzə oturmağı özünə şərəf bilsin? Az öncə Parisin ermənidən çox erməni olan meri Ann İdalqo kimi o da görüş üçün Araiki İrəvana çağıra bilərdi...
*****
Bu yerdə başını itirən erməni rəsmilərinə bir daha xatırlatmaq lazım gəlir ki, 10 noyabr 2020-ci il kapitulyasiya anlaşması əsasında yaradılan müvəqqəti Laçın koridoru müstəsna olaraq Qarabağda qalmış mülki erməni əhalinin Ermənistana gediş-gəlişi üçün Azərbaycanın bir humanist jestidir, nəinki ərazi bütövlüyümüz əleyhinə erməni rəsmi şəxslərin həyasız təxribatlarından ötrü "su yolu"! Əks halda, dəhlizdə bizim nəzarət-yoxlanış postlarının qurulması qaçılmaza çevriləcək. Onsuz da bir azdan təzə dəhlizin istifadəyə verilməsi ilə belə də olacaq.
Əlbəttə ki, qarşı tərəf artıq bunun fərqindədir. Məsələn, bugünlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, açılan bütün nəqliyyat infrastrukturları və yollar ərazisindən keçdikləri ölkənin suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir. "Belə bir ortaq fikir mövcuddur", - Mirzoyan vurğulamışdı.
Bu, İrəvan ermənilərinin Qarabağa getmək üçün istifadə etdikləri Laçın dəhlizi üzərində nəzarətin Azərbaycana keçəcəyi ilə razılaşdığını təsdiqləmiş olur. Eyni zamanda Azərbaycandan Naxçıvana Zəngəzurdan keçən yol da Ermənistanın nəzarəti altında olacaq. Olsun, amma biz Naxçıvana Zəngəzur dəhlizi ilə silah-sursat daşımaq fikrində deyilik. Buna ehtiyac da yoxdur. O qədər alternativ yollar var ki.
Laçın dəhlizi isə separatçı-revanşist ünsürlər üçün hər şey deməkdir. Yeni dəhlizdə nəzarət-buraxılış postumuzun qoyulması ilə erməni separatizminin "oksigen balonu" da bağlanacaq. Tısbağanı öldür, ya da arxası üstdə qoy, eyni şeydir...
*****
Bu arada Rusiyadan Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat qeydə alınıb. Məlum olub ki, Rusiyanın Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın iyunun 18-dək Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində keçiriləcək "Dağlıq Qarabağın sirləri" adlı sərgisini elan edib. Bu da ölkəmiz əleyhinə Rusiya rəsmi strukturuna bağlı daha bir özbaşınalıq.
Siyasi müşahidəçilərə görə, Rusiyanın dövlət agentliyi olan "RİA Novosti"nin Azərbaycanın ərazi bütövlüyünə qarşı son təxribatından sonra bu ölkənin Mədəniyyət Nazirliyinin belə bir addımı artıq bu qəbildən təhrikçi hərəkətlərin bəlli qruplar tərəfindən idarə edildiyinə şübhə yeri saxlamır.
Baş verənlərlə bağlı rəsmi Bakının, Azərbaycan XİN-in sərt etiraz bəyanatları yerindədir, ancaq belə davam edərsə, daha kəskin kontr-addımlara ehtiyac yaranacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə rəsmi şəkildə Dağlıq Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olduğunu elan edib. Putin bunu öz imzası ilə son dəfə 2022-ci ilin 22 fevralında - Moskva bəyannaməsində təsdiqləyib. Həmin sənədin elə 1-ci bəndindəcə deyilir: "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar".
*****
Təbii ki, şimaldan artan bu qəbildən təxribatların kökündə həm də Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Azərbaycanın Avropa üçün uzun müddətə və ciddi ölçüdə artan energetik-tranzit önəmindən dolayı Moskvanın qısqanclığı dayanır. Ancaq bu, Azərbaycanın günahı deyil. Rusiyanın qonşu və suveren bir dövlətə hərbi təcavüzünün doğurduğu məntiqi sonuclardan biridir. Hətta şimal qonşumuzun özünün də logistika baxımından Azərbaycana ehtiyacı xeyli artıb.
Odur ki, dost-müttəfiqi faktiki qalmayan Rusiya Azərbaycanla, eləcə də Türkiyə ilə olduqca ehtiyatlı davranmaq zorundadır. Kreml diktə dili ilə bizimlə, Azərbaycan-Türkiyə tandemi ilə danışa bilməz. Zaman artıq o zaman deyil və olmayacaq. Ələlxüsus, Azərbaycanın səbrini sınağa çəkməsin...