Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 12:58
Almaniyada qətlə hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.
Belə ki, 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.
Ölkənin Bielefeld şəhər polisi hadisəni törətməkdə şübhəli bilinən və istintaqdan yayınan E.Ağayevin axtarışlarına başlayıb və hazırda onun axtarışları davam etdirilir.
Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən E.Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.
İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.
E.Ağayevin yük avtomobili vasitəsilə qaçdığı ilə bağlı polisdə şübhələr yarandığından qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Avropa Polisinin məlumat bazasında isə E.Ağayev "olduqca təhlükəli və silahlı" kimi qeyd olunub.
Bielefeld şəhər polisi E.Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmalarını xahiş edib.
Detmold Prokurorluğundan "Report"un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, artıq E.Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.
"Təəssüflər olsun ki, indiyə kimi aparılan axtarış əməliyyatları heç bir nəticə verməyib. Qətldə şübhəli bilinən E.Ağayevin hələ də Almaniyada gizləndiyini düşünürük. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yanacaqdoldurma məntəqələrinə, supermarketlərə, dəmiryolu vağzallarına vurulub", - Detmold Prokurorluğundan bildirilib.