Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 21:12
Məşhur yazıçı Artur Konan Doyl bir müddət futbol oyunlarına hakimlik edib.
Sonxeber.net oxucuları əsr yarın əvvəl futbol oyununun idarə edilməsi qaydaları və hakimin fitdən istifadə etməsinin tarixçəsi ilə tanış edir.
...Futbol oyununu idarə edən hakim yaşıl meydançada yalnız 1873-cü ildə peyda olub. O zaman hesab edirdilər ki, hakim oyunun gedişinə qarışmamalıdır. Onun vəzifəsi vaxta nəzarət etmək, oyun barədə qeydlər aparmaq, futbolçuları meydandan çıxarmaq və daxil etmək, eləcə də oyunçular arasında yaranmış mübahisənin həllinə kömək etmək olub.
Əsr yarım bundan əvvəl futbolun vətəni sayılan İngiltərədə oyunları idarə etmək səlahiyyətini peşəkar hakimlərə, sahənin mütəxəssislərinə deyil, həvəskarlara həvalə edirdilər. Onda belə bir təsəvvür vardı ki, futbolu sevən, ona pulsuz xidmət göstərməyə hazır azarkeş matçın hakimliyini peşəkardan daha yaxşı yerinə yetirər. Bu səbəbdən hakim roluna savadlı dövlət qulluqçularının, həkimlərin, yazıçıların, ...polislərın arasından seçirdilər. Məşhur ingilis yazıçısı ser Artur Konan Doyl da bir müddət fotbol arbitri kimi fəaliyyət göstərib.
...1878-ci ilədək futbol meydançasında hakimlər fitdən istifadə etməyib, onlar oyunu idarə etmək üçün öz səslərindən yararlanıb, yaxud işarələr vermək, əlindəki zəngi səsləndirmək kimi üsullar olub.
Futbol oyununda hakimin ilk dəfə fitdən istifadə etməyə başlaması maraqlı əhvalatla bağlıdır. 1878-ci il iyulun 10-da, yəni 144 il əvvəl Londonda keçirilən oyunların birinin hakimliyini polis işçisinə həvalə edirlər. Matçın gedişində oyunçular arasında dava düşür və həvəskar hakim düşünmədən və qeyri-ixtiyari üstündəki polis fitini ucadan çalır. Polis fitindən karıxan və bir az da qorxuya düşən oyunçular dərhal dava-dalaşa son verirlər. Məhz o hadisədən sonra futbol hakimləri oyunu fit vasitəsilə idarə edirlər.
Müasir futbol şərhçilərinin belə bir deyimi var: "Ən yaxşı hakim oyunu idarə edən, amma meydançada olduğu bilinməyən hakimdir". (publika.az)