Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2022 23:10
Bu evdə iki Turab var. Birinin 30 yaşı var, o birinin isə 1 yaşı dörd ay əvvəl tamam olub. İkisi də hamının əzizidir. Balaca Turab hər gün bu evin divarları arasında dolaşır, stoldan, mebeldən tuta-tuta yeriyir. O biri Turabın isə bu evdə xəyalı, xatirələri yaşayır...
Turabın həyat yoldaşı Xanımın atası İlqar Mirzəyev söhbət açır:
- Körpə atasının şəhidliyindən altı ay sonra dünyaya gəldi. Təbii ki, hərə bir ad təklif elədi. Sonra dedik ki, yox, qoy Xanımın ürəyindən nə keçirsə, o da olsun. O da uşağa atasının adının qoyulmasını istədi...
Beləcə, atasından sonra bu evdə daha bir Turab dünyaya gəlib.
Adı ilə böyüsün!
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Vətən müharibəsi şəhidi Turab Əlisəfa oğlu Quliyevin ailəsində bu hadisə ötən ilin martın 16-da baş verib.
Turab 1990-cı il aprelin 10-da Sabirabad rayonunun Xiləmirzə kəndində anadan olub. 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-2020-ci illərdə isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
O, Vətən müharibəsinin ilk günündən silaha sarılaraq mənfur düşmənə qarşı döyüşüb. Baş çavuş Turab Quliyev qumbaraatan kimi Cəbrayıl rayonunun kəndlərinin erməni işğalçılarından təmizlənməsində fəal iştirak edib.
-Heç yadımdan çıxmaz, cəbhəyə yola düşməzdən bir gün əvvəl evə gəldi, bizimlə sağollaşdı və möhkəm olmağı tapşırdı, - deyə Turabın həyat yoldaşı Xanım xatırlayır. - İlk günlər hər gün zəng edib danışırdı. Özü də nikbin idi, bizi də nikbin olmağa çağırırdı. Oktyabrın 1-də isə sonuncu zəngi oldu. Həmin gün bizimlə halallaşdı. Ertəsi günü isə Nüzgar kəndi uğrunda gedən döyüşdə şəhid olduğunu eşitdik...
Xanımın atası İlqar Mirzəyev söhbətə qoşulur:
-Turab könüllü olaraq hərbi işi seçmişdi. Öz işini də çox sevirdi. Onun sinəsində həm də Vətənini sevən, torpağına sadiq bir ürək döyünürdü. Onunla bir yerdə döyüşən əsgər yoldaşları Turabın çox fədakarlıqla döyüşdüyünü deyirlər. Onların dediyinə görə, qumbaraatanla ermənilərin postunu vurub dağıdıb və düşmənin xeyli canlı qüvvəsini sıradan çıxarıb.
Onu doğma Hacıqabulda Şəhidlər xiyabanında dəfn ediblər. Atası Əlisəfa, anası Sevər, qardaşları Fətəli və Tural, bacısı Günel, qohum-qardaş, rayon məktəbliləri tez-tez onun uyuduğu məzara baş çəkir, əziz xatirəsi önündə hörmət və ehtiramlarını bildirirlər. Oxuduğu məktəbdə siniflərdən birinə onun adı verilib.
Həyat yoldaşı şəhid döyüşçünün ailəsinə göstərilən sosial dəstək tədbirlərindən də danışıb: "Yeni Ramanıdakı yeni yaşayış kompleksində ailəmizə ikiotaqlı ev veriblər. Hacıqabulda Xilə Mirzəli kəndində torpaq sahəsi ayrılıb. Heydər Əliyev fondu və "YAŞAT" fondu pul yardımı edib. Turabın aylıq maaşını bizə ödəyirlər, şəhid ailəsi kimi pensiya alırıq. Qardaşlarının məşğulluq problemini həll ediblər".
Tural Quliyev "Cəsur döyüşçü", "Vətən uğrunda", " Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
...Yeni Ramanı qəsəbəsindəki yeni yaşayış kompleksində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailəsinə təqdim etdiyi evdə otaqlardan birinin divarlarını igid döyüşçünün şəkilləri bəzəyir. Vətən torpağının cəsur döyüşçüsü Turab Quliyevin ailə üzvlərini onların yaddaşında həmişəlik yaşayacaq xoş, unudulmaz xatirələrlə baş-başa qoyub çıxırıq.
Bizi yola salmağa anasının qucağında balaca Turab da gəlir və arxamızca əl eyləyir. Bu evə nur, işıq səpən körpənin göydə yellənən əllərindən öpüb pilləkənləri düşürük:
-Sağ ol, Turab! Yenidən görüşənədək!