Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beşbarmaq dağında gizli fəaliyyət göstərən məscid - Burada yığılan pullar hara gedir?

Beşbarmaq dağında gizli fəaliyyət göstərən məscid - Burada yığılan pullar hara gedir?

Tarix: 27 Iyul 2022 16:38

Beşbarmaq dağı - Azərbaycanın ən unikal yerlərindən biri, əsil təbiət möcüzəsi. Tarixi və haqqında qəribə hadislərlə dolu çoxlu rəvayətləri var. Bəzi tarixçilərin araşdırmasına görə, Beşbarmaq dağı İbrahim peyğənbərin ibadət yerlərindən biri olub. Bu zirvədən kosmosla güclü əlaqənin olduğunu qəsd edərək bildirirlər ki, İbrahim peyğənbərin muğam üstündə Allaha etdiyi dualar da məhz buradan ərşə bülənd olub.

Mən də illər sonra Beşbarmaq dağını yenidən ziyarət etdim. Dəniz səviyyəsindən 445 metr hündürlükdə yerləşən zirvədən ətrafı doyunca seyrinə daldım.

Bakı-Quba yolunun 95-ci km-də, Siyəzən rayonu ərazisində yerləşən Beşbarmaq dağı respublikada insanların ən çox ziyarət etdiyi təbii abidə, məbədgahdır. Hər gün ayrı-ayrı bölgələrdən bura onlarla, yüzlərlə ziyarətçi gəlir. Qurban kəsib, ibadət eliyəni də olur, turist kimi seyrinə dalanı da. 

İnanca görə, Xıdır-Zində adlandırılan pirə həftənin çərşənbə və şənbə günləri getmək məqbul sayılır. Biz orada bazar günü olmağımıza baxmayaraq, kifayət qədər adam vardı.

Ziyarətgahın ərazisi çox böyük sahəni əhatə edir. Əvvəlki illərlə müqayisədə burada insanların qurbanlarını kəsmək üçün tikilən üstüörtülülərin də sayı artırılıb. Qurbanlıq yerləri isə ziyarətçilərə pulla verilir. Ondan sonra ziyarətçi qurbanlıq heyvanını kəsib orada bişirib yeməsi üçün bir neçə saatlıq kirayələdiyi örtülüyə (talvar, naves) görə 30-40 manat ödəməlidir. Qoyunu kiməsə kəsdirmək istəsəniz bunun üçün də 10 manat xərcləməli olcaqsınız.

Bu qədər pullu xidmətdən sonra əraziyə nəzər salsanız, ödünüz ağzınıza gələr. Ziyarətgahdakı ət kəsimi yerlərində antisanitar durum, natəmizlik günlərlə aradan qaldırılmır. Zibillər qalaq-qalaq göz deşir.

Məlumat üçün deyək ki, Beşbarmaq dağı Azərbaycan Prezidenti İlham Əliyevin 8 uyun 2020-ci il tarixli sərəncamı ilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Bu səbəbdən ərazi Dövlət Turizm Agentliyinin balansına verilib. Qoruğu çoxsaylı insanlar ziyarət etdiyindən ərazinin mühafizəsi DİN-nin Baş Mühafizə Baş İdarəsinə tapşırılıb və Siyəzən Mühafizə polisinin əməkdaşları ictimai asayişi qoruyur.

Beşbarmaq ziyarətgahında məscid də fəaliyyət göstərir. Həm burada, həm də insanların dağın zirvəsində ibadət etdiyi otaqda da nəzir qutuları qoyulub.

Məscidə nəzarət edən din nümayəndəsi Mirsaleh Həsənovdan nəzir qutularından yığılan vəsaitin hara xərcləndiyini soruşanda, o, bu pulların ərazinin və yolların abadlaşmasına xərcləndiyini bildirdi. Amma sorğu-sualımız xoşlanmayan axund bizdən tez bir zamanda uzaqlaşmağa üstünlük verdi. Bizə isə suallar üçün Siyəzən rayon icra hakimiyyətindən və Dövlət Turizm Agentliyindən icazə alıb gəlməyimizi tövsiyə etdi.

Sonxeber.net bildriir ki, Siyəzən rayon icra hakimiyyətinin dini qurumlarla iş şöbəsinin müdiri Balabəy Balabəyov isə bizim.media-ya məlumat verdi ki, icra hakimiyyəti qoruğun ərazisinə nəzarət etmir.

Qoruq Dövlət Turizm Agentliyinin balansındadır. Balabəy Balabəyov maraqlı bir faktı da açıqladı: 

"2011-ci ildə Rusiyada yaşayan iş adamlarının və sabiq vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə inşa edilən məscid heç bir dövlət qeydiyyatında deyil. Yəni bu məcsidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin heç bir nəzarəti yoxdur".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Eynulla Nurullayev də Beşbarmaq məscidinin təmsil etdiyi qurumun qeydiyyatında olmadığını təsdiqləyib.

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqların İdarə olunması Mərkəzinin mətbuat katibi Fərəh Sabirqızına da müraciət etdik. Xanım həmkarımız qoruqda görülən işlər barəsində geniş məlumat verdi: 

"Azərbaycan Respublikası Prezidentinin "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında" sərəncamına (2020-ci il 8 iyun tarixli, 2083 nömrəli) əsasən, qoruğun sərhədinin və mühafizə zonasının xəritəsinin təsdiqlənməsi üçün layihə təklifləri müvafiq dövlət qurumlarına göndərilib. Qoruq ərazisindəki abidələrin tədqiq olunması üçün AMEA-nın bir sıra institutları ilə əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparılıb, Beşbarmaq qalasının bürcləri aşkarlanıb, ərazidə ilkin məskunlaşmaya dair nadir tapıntılar üzə çıxarılıb.

"Beşbarmaq dağı" qoruğunun xüsusi mühafizə rejiminin tətbiqi ilə bağlı sənədlər hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2021-ci il iyulun 21-də Nazirlər Kabineti tərəfinfən "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əsasnaməsi də təsdiqlənib.

Beşbarmaq dağını ziyarət edənlərin sayının çox olduğunu nəzərə alaraq, abidələrin qorunması üçün əraziyə mühafizə polisinin nəzarəti təmin edilib.

Ərazidə aparılmış arxeoloji qazıntılar gələcəkdə Beşbarmaq dağının yalnız dini-mənəvi destinasiya, unikal təbiət abidəsi kimi təbliği ilə yanaşı, həm də arxeoturizm destinasiyası, orta əsrlərə aid qədim yaşayış məntəqəsi kimi təbliğinə də imkan verəcək.

Beşbarmaq dağının ərazisi quşların miqrasiyasını müşahidə etmək üçün unikal bir yerdir. Hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba köç edir. Bu ərazi quş müşahidəçiləri üçün qiymətli bir yer olduğundan Beşbarmaq dağı ərazisində "Köçəri quşların müşahidəsi"ilə bağlı turizm məhsullarının inkişafı istiqamətində işlər görülüb.

Dünyada geniş populyarlıq qazanan bu turizm növü ilə bağlı sertifikat təlimləri keçirilib, Azərbaycanda və xarici ölkələrin turizm platformalarında təbliğ olunub. Fərəh Sabirqızı qoruğun ərazisində görüləcək işləri də açıqlayıb".

Onun sözlərinə görə, ilk növbədə Beşbarmaq dağının ətrafındakı yolun təmiri nəzərdə tutulur:

"Ərazidə qoruq idarəsinin fəaliyyəti üçün baza infrastruktur binalarının tikintisi, kommunikasiya xətlərinin çəkilməsi də planlaşdırılır. Yolun bərpası başa çatdıqdan sonra burada turizmin inkişafına imkan verən digər əhəmiyyətli layihələr də həyata keçiriləcək.

Konkret olaraq, Beşbarmaq dağını ziyarət edənlər üçün iaşə xidmətləri göstərən obyektlərin tikintisi, qurban kəsilməsi üçün xüsusi yerlərin (qurbangahlar) salınması planlaşdırılır. Ərazidəki söhbətgahların yenilənməsi, həmçinin dağa aparan cığırların, pilləkənlərin, ümumilikdə landşaftın yenilənməsi, yaşıllıq salınması, abadlıq işlərinin aparılması nəzərdə tutulur. Hazırda layihə üzrə işlər davam etdirilir".

Qoruqların İdarə olunması mərkəzinin mətbuat katibi reportaj hazırladığımız zaman rast gəldiyimiz neqativ hallar, məscidin qeydiyyatı, nəzir qutuları ilə bağlı suallarımıza isə hələ rəsmi cavab verməyib.


Etiketlər:  Beşbarmaq dağında gizli fəaliyyət göstərən məscid Burada yığılan pullar hara gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ