Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2022 15:56
İspaniyanın əksər bölgələrində həddindən artıq istilər və quraqlıq su anbarlarının tükənməsini sürətləndirib. Havanın yüksək temperaturu su sərfiyyatının artmasına, həmçinin bataqlıqların buxarlanmasına və torpaqdan rütubətin itməsinə gətirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mövcud vəziyyət Barselona, Malaqa, Pontevedra və Huelva əyalətlərinin yaşayış məntəqələrində məhdudlaşdırıcı tədbirlərin görülməsi zərurətinə səbəb olub.
Problemlər fonunda Pontevedra meriyası şəhərin 83 min sakininə hovuzları doldurmağı, şəxsi avtomobilləri yumağı və bağçaları suvarmağı qadağan edən fərman verib. Barselona əyalətinin 15 bələdiyyəsində də su məhdudiyyətləri tətbiq edilib. Huelva əyalətinin bir sıra yaşayış məntəqələrində gecə saatlarında su kəsilir. Malaqa əyalətində bəzi yerlərdə quraqlıq olduğu üçün artıq çimərliklərdə duş qəbul etmək mümkün deyil.
Bundan başqa, avqust ayında gözlənilən isti hava şəraiti və güclü yağışların olmaması fonunda İspaniya üzrə fövqəladə vəziyyət planları hazırlanır.
Qeyd edək ki, iyul ayında İspaniyada həddindən artıq istilər 2,1 mindən çox insanın ölümünə səbəb olub. Havanın temperaturu 45 dərəcəyə çatıb. Hələlik İspaniyanın əksər ərazilərində isti hava xəbərdarlığı davam edir.