Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 14:50
"Bu sənəti gərək adama Allah versin. Allah göydən yerə göndərir o sənətkarları. Tək öyrənməklə, təhsillə sənətkar olmaq olmur. Təhsil, ustad mütləq lazımdır, amma insanın özündə o səs, avaz, duyum, ürək olmasa nə qədər öyrənsə də nailiyyət qazana bilməzsən. Allah muğamımızı yaşadan hər bir gəncə can sağlığı versin. Onların hər birinə uğurlar arzu edirəm. Mən də əlim, imkanım çatan qədər onların arxasındayam. Bu gün də onlara dayaq dururam. Tələbələr də yetişdirirəm, pedaqoji fəaliyyətlə də məşğulam. Bu il iki tələbəm Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsinə, əməkdar artist Təyyar Bayramovun sinfinə daxil oldu"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Şahnaz Haşımova deyib. O daha sonra əlavə edib.
"Bu günlərdə "Günün Sədası" verilişində bir gəncin "Segah" oxumasının şahidi oldum. Həqiqətən də həmin gəncin ifası mənə çox yaxşı təsir bağışladı. O gənc xanəndə Pərvaz İbrahimli idi. Sonradan öyrəndim ki, sən demə o uşaq yaşlarından sənətdədir, çox böyük nailiyyətləri olub, filmə çəkilib. Gördüm ki, əlində mikrofon yoxdur, qalıb ki, necə oxusun?! Ona sözün əsl mənasında ürəyim yandı, verilişə zəng edərək ərkyanə dedim ki, "ona mikrofon verin, qoy oxusun" deyə sənətkar bildirib.
"Siz də gənc yaşlarınızdan bu cür dəstək görmüsünüz?" sualına isə xalq artisti belə cavab verib.
"Əksinə, əllərindən gələni ediblər ki, oxumayım, səhnədə, tədbirlərdə olmayım. Mən heç vaxt bunları dilimə alıb danışmamışam. Hər zaman darda qalan insanların arxasında olmuşam" deyə o bildirib.
Xalq artisti istirahətindən də danışıb.
"Ailəmlə birlikdə Hacıkənddəki evimizdə istirahət edirik. İstirahət edəndə də mən işləyirəm. Qış ayına tədarük görürəm, mürəbbələr, müxtəlif tərəvəzlər hazırlayıram. Yaylaq festivalı oldu, bir neçə gün ora getdik. Mən elə insanam ki, boş-boş istirahət etməyi də sevmirəm. Mənim istirahətim elə işimdir, ailəmə, sənətə, xalqıma xidmətdir" deyə xalq artisti bildirib.