Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 14:48
Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində keçirilən “2-ci Xəzər Biznes Forumu”nda iştirak edib.
KOBİA-dan Trend-ə verilən məlumata görə, müxtəlif ölkələri, o cümlədən Qazaxıstan, Gürcüstan, Tacikistan və Özbəkistanı təmsil edən dövlət qurumlarının və iş adamlarının iştirak etdiyi tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.
Forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir və KOB-ların inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin fəaliyyətini, mikro, kiçik və orta sahibkarlara göstərilən xidmət və dəstək mexanizmlərini diqqətə çatdıran KOBİA rəhbəri qurumun KOB sahəsində qabaqcıl ölkələrin, o cümlədən ABŞ təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.
KOB sektorunda əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi üçün KOBİA-nın nümayəndə heyəti 2018-ci ildə də ABŞ-a səfərlər edib, müvafiq sahədə bir sıra məhsuldar görüşlər keçirib, Bostonda Azərbaycan iş adamlarının da qatıldığı Xəzər İnnovasiya Sammitində iştirak ediblər. KOBİA ABŞ-ın KOB sektoru üzrə müvafiq qurumları ilə, eləcə də aqro-biznes, elektron ticarət və s. kimi sahələrdə əməkdaşlıqda maraqlıdır. KOB sektorunda əlaqələrin genişləndirilməsi baxımından müvafiq qurumların və iş adamlarının qarşılıqlı səfərləri də əhəmiyyətlidir. KOBİA ölkəmizə investisiya qoyuluşu, birgə layihələrin reallaşdırılması məqsədilə ABŞ-ın biznes strukturlarını, KOB sektoru təmsilçilərini Azərbaycana səfərə dəvət edir.
ABŞ-a səfər çərçivəsinə KOBİA-nın nümayəndə heyətinin KOB sektorunda əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə müxtəlif qurum və təşkilatlarda görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin