Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 21:32
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Rapid" (Vyana) komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, rumıniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"İlk oyunda qələbə qazandıq. Buraya da qələbə üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşıb və qalib gəlməyə çalışacaq. Çünki evdə oynayırlar. "Rapid" ciddi rəqibdir. Amma biz də səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik".
Rumıniyalı baş məşqçi öz güclərinə inandıqlarını vurğulayıb: "Bizim kifayət qədər gücümüz var. Yalnız qələbəyə köklənmişik. Bakıya pozitiv nəticə ilə qayıtmaq istəyirik. Bunun üçün də vuruşmalıyıq. Futbolçulara da bu mesajı vermişəm. Rəqibin gücünə də bələdik. Hücum xəttində çox güclü futbolçuları var. Onlara boşluq verməməliyik. Qol buraxsaq, mübarizə aparmalı və hesabı bərabərləşdirməliyik. Əminəm ki, komandam bu matçda fiziki cəhətdən hazırlıqlı olacaq".
Regekampf Vyana təmsilçisinin zəif cəhətlərini oyunçulara söylədiyini vurğulayıb: "Hər mütəxəssis qarşısındakı komandanı analiz edir. Bu da normaldır. Futbolçulara onların zəif nöqtələrini göstərməyə çalışmışıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Sabah meydanda öz işlərini görməlidirlər".
Baş məşqçi mərhələ adlayacaqları təqdirdə istənilən sözü verməyə hazır oluğunu bildirib: "Sizə hər cür söz verə bilərəm. Sabahkı oyunu gözləyək. Biz güclü rəqibə qarşı oynayacağıq. "Rapid" Avstriyanın güclü klublarından biridir. Onlar da də növbəti mərhələ üçün əllərindən gələni edəcəklər".
Sabah baş tutacaq "Rapid" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.