Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın sülhə vadaretmə proqramının “düyməsi” basılıb! - ilginc detallar

Azərbaycanın sülhə vadaretmə proqramının “düyməsi” basılıb! -  ilginc detallar

Tarix: 7 Sentyabr 2022 18:38

Ermənistanın ilin sonuna qədər zamanı var; Nikol Paşinyanın Qarabağdakı separatçılara "təbrik" yollamasından sonra yeni situasiya yaranıb; separatçılar "əhali"ni sakitləşməyə çağırdılar...

Sonxeber.net "yeni müsavat"a istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan fraksiya deputatları ilə qapalı görüş keçirib və İlham Əliyevlə Brüssel görüşünün nəticələri barədə onları məlumatlandırıb. Erməni mediasının yazdığına görə, bu görüşdə Nikol Paşinyan da bəyan edib ki, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.

Xatırladaq ki, bundan əvvəl İtaliyanın "Il Sole 24 Ore" qəzetinə müsahibəsində Prezident İlham Əliyev bir neçə ay ərzində sülh sazişinin bağlanıb imzalana biləcəyini bildirmişdi. Bunun üçün Prezident Əliyevin fikrincə, Ermənistan müvafiq iradə nümayiş etdirməlidir. Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutub. Rəsmi məlumatda o da qeyd edilmişdi ki, görüşdə əsirlərin azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, regional blokadanın aradan qaldırılması, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib. Sülh müqaviləsinin hazırlanması üzrə substantiv danışıqların davam etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində razılıq əldə olunub. Xarici işlər nazirlərinin görüşü bir ay ərzində baş tutacaq. Tənzimləmə və Sərhəd Təhlükəsizliyi Komitəsinin növbəti iclası noyabrda Brüsseldə baş tutacaq. Liderlər şurasının növbəti iclası noyabrda keçiriləcək. Bir sözlə, informasiya məkanındakı materialların təhlili onu göstərir ki, rəsmi Bakı artıq sülhə vadaretmə proqramının "düyməsi"ni basıb. Ermənistan üçün konstruktiv davranaraq, Sülh Müqaviləsini imzalamaqdan başqa çarə buraxılmayıb. Azərbaycanın qısa müddət öncə həyata keçirdiyi "Qisas" əməliyyatı onu göstərdi və nümayiş etdirdi ki, sülhə vadar etmə prosesində hərbi gücə əl atma da olacaq və bunun qarşısını nə Moskva, nə Vaşinqton, nə də Brüssel ala bilməyəcək. Ermənilər məhz bu "düymə basılması"ndan sonra Laçın dəhlizini, Laçın şəhərini, həmçinin Zabux və Sus kəndlərini boşaldıb Azərbaycana təhvil verdilər.

Düzdür, Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması prosesi davam edir. Hər gün Azərbaycan tərəf atəşkəsin pozulması və erməni təxribatları barədə faktları açıqlayır, Ermənistan tərəfi isə ənənəvi qaydada məlumatı təkzib etməyə uğursuz cəhdlər göstərir. Ona da şübhə yoxdur ki, Azərbaycan Ermənistan ordusunun təxribatlarına sakit yanaşmayacaq və günün birində sarsıdıcı zərbənin endirilməsi qaçılmaz ola, "Qisas-2" reallaşa bilər. Buna həm Azərbaycanın hərbi qüdrəti, həm  qətiyyəti, həm də beynəlxalq hüquqa əsaslanan arqumentləri var. Bu arada, Xankəndidə Qarabağ erməniləri arasında "Xocalı və Malıbəyli Azərbaycana təhvil verilir" xəbəri yayılıb, buradakı separatçılar və mülki şəxslər arasında çaxnaşma yaranıb. "Yeni Müsavat" erməni mətbuatına istinadən bildirir ki, Qarabağ erməniləri tezliklə Xocalı şəhərinin və Şuşanın Malıbəyli kəndinin də boşaldılaraq Azərbaycana təhvil veriləcəyi barədə məlumatlardan şoka düşüblər. Qarabağdakı oyuncaq rejimin "rəsmiləri" buradakı gəlmələri sakitləşdirməkdən ötrü hərəkətə keçib.

İddia olunur ki, bu məlumatlar "ümidsizlik aşılamağa və vətənlərində yaşamaq iradəsini qırmağa" hesablanıb. Göründüyü kimi, qondarma rejimin təmsilçiləri də narahatdırlar, amma əbəs yerə canfəşanlıq edirlər. Ermənilər özləri də anlayırlar ki, Azərbaycan əhalisinin soyqırıma məruz qoyulduğu Xocalı onların murdar tapdağı altında qala bilməz! Bu arada Ermənistanın müdafiə nazirinin ABŞ-a, xarici işlər nazirininsə Rusiyaya səfər etməsi, hazırda Rusiyada keçirilən forumda iştirak edən Nikol Paşinyanın da Vladimir Putinlə görüşü həsrətlə gözləməsi də rəsmi İrəvanın çıxış yolu üçün vurnuxduğunu göstərir. Lakin bütün bunlar Azərbaycanı hədəflərindən yayındıra bilməz...

Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, Brüssel görüşünün nəticəsi olaraq, sülh müqaviləsinin hazırlanması məsələsində Ermənistan da ən azı Azərbaycan qədər maraqlı olmalıdır. Əgər qarşı tərəf adekvat davranış nümayiş etdirməsə, Azərbaycan yenə də öz yolu ilə gedəcək, Azərbaycanın Zəngəzur, Göyçə İrəvanla bağlı məsələləri qaldırması üçün də daha əlverişli mühit, zəmin yaranacaq. Odur ki, Ermənistanın siyasi rəhbərliyi doğru seçim etməyi bacarmalı, nəhayət, Ermənistan xalqını düçar edildiyi ağır vəziyyətdən çıxarmağa dair güclü siyasi iradə nümayiş etdirməlidir. Əks halda, Ermənistan üçün daha çətin olacaq. İndi gündəmdə olan suallar bunlardır - sülhə vadaretmə proqramına erməni lobbisinin, Eçmiədzinin (kilsənin) və Paşinyanın reaksiyası necə olacaq, müqavimətləri haraya kimi yetəcək? Paşinyan sülh müqaviləsini imzalayana qədər iqtidarda və həyatda qala biləcəkmi? Erməni revanşistləri növbəti aksiyaların anonsunu veriblər və Qarabağı "satanların" axtarışına çıxıblar. Belə olan təqdirdə ənənəvi erməni terrorizminə əl atıla, Paşinyan aradan götürülə bilər. Necə ki, əvvəlki dönəmlərdə Ermənistan daxilində törədilən qətliamlar hansısa anlaşmaya imkan verməmişdi. Ermənistan rəhbərliyinin Brüssel görüşünün ziddinə olaraq Qarabağ separatçılarına "təbrik" ünvanlaması da vəziyyətin hər an məcrasından çıxa biləcəyi qənaətini yaradır.

Azərbaycan XİN-in Ermənistandan Qarabağa son qanunsuz səfərlər və İrəvanın yanlış davranışlarına kəskin reaksiyası növbəti cəzalandırma tədbirlərinin anonsu da sayıla bilər. Yəni düşmən sözlə anlamaq istəmirsə, "Dəmir yumruq"la başa salarıq! Qarşıda bizi hansı proseslərin gözlədiyi, Bakının "fors-major"lara hazır olub-olmadığı barədə "Yeni Müsavat"a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərova rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyinin ermənilərə "baha" başa gələcəyindən bəhs etdi: "Sonuncu Brüssel görüşündən sonra baş verən hadisələr və bölgədəki aşırı gərginlik onu deməyə əsas verir ki, Ermənistanın sözləri ilə əməlləri arasında çox böyük tərs mütənasib fərqlər mövcuddur. Bu gedişlə, təkcə ilin sonuna deyil, hətta gələn ilin birinci yarısınadək də hər hansı bir sülh razılaşmasının əldə olunması mümkünsüz olacaq. Sentyabr başlayandan bu dəqiqələrə kimi Ermənistan rəhbərliyi davamlı şəkildə atəşkəs rejimini pozmaqla necə "sülhə can atdıqlarını" sübut edir. Az qala iki gündən bir Moskvadan gələn zənglər, ardınca Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Rusiya səfəri və ermənilərin sərsəm bəyanatları onu deməyə əsas verir ki, vəziyyəti bilərəkdən gərginləşdirmək üçün bəzi yaramaz qüvvələr var gücləri ilə əlləşirlər".

Polkovnik: "Yəqin ki, "Qisas" əməliyyatına bir daha əl atmaq məcburiyyəti yaranacaq"

Polkovnik Cəfərov Azərbaycanın bu vəziyyətlə barışmayacağı qənaətindədir: "Yəqin ki, "Qisas" əməliyyatına bir daha əl atmaq məcburiyyəti yaranacaq. Ruben Vardanyan adlı bir erməni gədəsinin birdən-birə Qarabağda peyda olması, onun başından yekə hədyanları və digər məsələlər onu deməyə əsas verir ki, 28 il Qarabağ düyününün açılmasına mane olan qüvvələr ən sonda da öz şərəfsizliklərini davam etdirmək niyyətindədirlər. Paşinyan yeri gəldi-gəlmədi bəyanatlar verir. Amma onun verdiyi bəyanatlar real vəziyyətə və şərtlərə əsla uyğun gəlmir və belə davam edəcəksə, biz çox əziyyət çəkməli olacağıq. Bu arada Rusiyanın da bəzi qızışdırıcı və təhrikedici addımları diqqətdən kənarda qalmamalıdır. Azərbaycan tərəfi olaraq biz qəti və sərt addımlar atmalıyıq! Əks təqdirdə, problem daha da dərinləşə və mürəkkəbləşə bilər".

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, "milli qəhrəman" Tiran Xaçatryan "İravunk" qəzetinə müsahibəsində özünə qarşı ittihamlara cavab verib. Xaçatryan ordu komandirlərinin son həbslərini və ittihamlarını şərh edərək, Nikol Paşinyanın əsas məsul, lakin bir nömrəli günahkar olmadığı barədə sözlərini xatırladıb. Bu da artıq müvafiq nəticələr çıxarmağa əsas verir. "Onun da ittiham oluna biləcəyindən qorxduğunu soruşduqda, general-leytenant qorxmadığını deyib", - qəzet yazıb. (Konkret.az) Daha sonra nəşr Xaçatryanın sözlərindən sitat gətirib: "Mən şübhə etmirəm ki, sabah yenə oxşar hadisə baş verəcək".

Göründüyü kimi, Ermənistan hələ Şuşanı təhvil verənlərin "ovu"na çıxıb, bir-birilərinə qarşı savaş açıblar. Bu ritorika varkən Ermənistanın sülh sənədini imzalaması da bir o qədər real görünmür. Deməli, ümid "Qisas-2"-yədir! Bəlkə elə Paşinyan özü də "Dəmir yumruq" istəyir, onu devirməyə, hətta öldürməyə çalışan revanşistlərin qalan hissəsinin də başının əzilməsi, arqumentlərinin ortadan qalxması üçün... Bəli, Paşinyan Qarabağdakı qondarma rejimə "müstəqillik təbriki" yolladı, amma bu, özünü sığortalamaq cəhdi də sayıla bilər. Xatırladaq ki, Qarabağda 44 günlük müharibəni alovlandıran da N.Paşinyan olmuşdu, "Qarabağ Ermənistandır. Nöqtə" sərsəmləməsi ilə. Budəfəki "təbrik" də növbəti əməliyyatlara rəvac verə, əsas yarada bilər...


Etiketlər:  Azərbaycanın sülhə vadaretmə proqramının düyməsi basılıb ilginc detallar


RƏYLƏR