Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın güclü təzyiqləri Paşinyanı Putinə daha çox sığındırır...

Azərbaycanın güclü təzyiqləri Paşinyanı Putinə daha çox sığındırır...

Tarix: 9 Sentyabr 2022 10:00

Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumda çıxışında Qarabağ və sərhədlərin delimitasiyası barədə də danışdı. Ancaq Paşinyan hər iki məsələdə necə deyərlər, topu Rusiyaya atdı: "Dağlıq Qarabağ problemilə bağlı Azərbaycanla intensiv söhbət gedir. Biz təkcə Ermənistanın strateji müttəfiqi kimi yox, həm də Azərbaycanın yaxın tərəfdaşı kimi Rusiyanın dəstəyinə ümid edirik".

Sonra o Ermənistanın regionda kommunikasiyaları açmaq niyyətini təsdiqləyib ki, bu da ona qonşu ölkələrlə əlaqələri möhkəmləndirməyə imkan verəcək və Azərbaycan üçün də faydalı olacaq: "Hüquqi məsələləri həll etmək, yolun hansı hüquqi tənzimləmə  üzrə işləyəcəyini müəyyən etmək lazımdır. Mövqe ümumilikdə aydındır - yollar ərazisindən keçdiyi ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik".

Görünən odur ki, Paşinyan Azərbaycanın güclü təzyiqləri qarşısında Putinə daha çox sığınır. Hər iki məsələdə Rusiyanın yardımına bel bağlamağa çalışır.

"Bu səbəbdən Paşinyan həm Qarabağ məsələsində, həm də sərhədlərin delimitasiyasında Kremldən mədət umur"

Sonxeber.net Bakı Xəbər-ə istinadla bildirir ki, məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, Paşinyanın sözügedən məsələlərə bu konteksdən yanaşması təsadüfü deyil: "Çünki Avqustun 31-də Şarl Mişelin vasitəçiliyi ilə keçirilən 4-cü Brüssel görüşündə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir ay ərzində sülh sazişinin hazırlanması barədə razılıq əldə olundu. Bu məsələ də Azərbaycanın təkidli tələbi ilə ortaya çıxdı və razılığa gəlindi. Görüşdə "Dağlıq Qarabağ" ifadəsi ümumiyyətlə işlədilmədi. Şarl Mişel bir məqamı da xüsusi vurğuladı ki, əhalini sülhə hazırlamaq lazımdır. Azərbaycan əhalisi çoxdan sülhü istəyir və bunu dəstəkləyir. Ancaq Ermənistanda müxalif qüvvələr, xüsusən də revanşistlər sülh danışıqlarını istəmirlər. Çünki onlar yaxşı bilir ki, sülh olandan sonra Azərbaycan ərazilərinə iddia edə bilməzlər. Ona görə də aparıcı dünya dövlətləri Ermənistan rəhbərliyini başa salırlar ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. O cümlədən, Ermənistanın inkişafı üçün Zəngəzur dəhlizi açılmalıdır. Paşinyanın çıxışı göstərdi ki, Ermənistan rəhbərliyi çıxılmaz durumdadır. Bir tərəfdən Qərb, o biri tərəfdən Rusiya. Ancaq Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Paşinyan daha çox Rusiyaya sığınır. Niyə? Ona görə ki, Rusiya hərbi baxımdan regionda təmsil olunur. Rusiyanın Ermənistanda hərbi bazaları var, Qarabağda sülhməramlı qüvvələri fəaliyyət göstərir. Bu səbəbdən Paşinyan həm Qarabağ məsələsində, həm də sərhədlərin delimitasiyasında Kremldən mədət umur. Bununla belə, Paşinyan anlayır ki, nəqliyyat dəhlizlərindən kənarda qalsalar Ermənistan bundan itirəcək. Bir məqamı nəzərə almalıyıq ki, yaranmış vəziyyət Rusiyanın Zəngəzur dəhlizini dəstəkləməsini diqtə edir. Çünki Ukrayna müharibəsi Rusiyanın Qərbə qapısını bağlayıb. O üzdən, Rusiya öz məhsullarını Yaxın Şərqə, Hind okyanına çıxarmaq üçün Zəngəzur dəhlizinə, Şimal-Cənub Nəqliyyat Dəhlizinə önəm vermək zorundadır. Ermənistan nə qədər müqavimət göstərsə də, əvvəl-axır Zəngəzur dəhlizi ilə razılaşacaq. Bütün bunların hamısı Azərbaycanın apardığı düzgün siyasətin nəticəsidir. Paşinyan çıxışında quru sərhədlərinin açılmasına toxundu. Sərhədlər o zaman açılacaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın".

Ümumilikdə, yekun olaraq ekspert onu da qeyd etdi ki, ilin sonuna qədər sülh sazişi imzalana bilər.


Etiketlər:  Azərbaycanın güclü təzyiqləri Paşinyanı Putinə daha çox sığındırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ