Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 13:03
Qızılbaşlıq Azərbaycanda yaranmış və Qızılbaş dövləti əvvəlcə Azərbaycanda qurulmuş, sonra isə indiki İran, İraq, Şərqi Anadolu, Ermənistan və Gürcüstanı əhatə etmişdi. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Türkiyə alimi Enver Behnan Şapolyo yazır ki, Məhəmməd peyğəmbər (s.ə.s) Uhud müharibəsində məkkəlilər tərəfindən yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Hz.Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdi. Həmin rəvayətə görə qızılbaşlar bu adı buradan alıblar. Digər bir rəvayətə görəsə, Şah İsmayıl osmanlı sultanı İkinci Bəyazid ilə bir müqavilə bağlamış, öz əsgərlərini Anadoludan Suriyaya keçirmiş ki, bu əsgərlərin də başında qırmızı təkkələr (incə materialdan olan baş örtüyü) varmış. Bundan sonra şiələrə "qızılbaş" deməyə başladılar. Bu səbəblə Anadolu ələviləri də "qızılbaş" adını almışdılar.
Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirir.
Alman alimi Brokelmana görə isə, atasının ölümündən sonra Şeyx Heydər öz təriqətində yeniliklər edərək yeni bir baş örtüyünü mütləq saydı. Bu, 12 imama işarət edən 12 dilimli bir Heydəri qırmızı baş örtüyü idi. Qızılbaşlar 12 şiə imamı şərəfinə 12 qırmızı zolaqlı çalma bağladıqlarına görə belə adlanırdılar.
XV əsrin ikinci yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açdı. Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı, sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türk tayfalarını birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Tarixdən məlum olduğu kimi, Qızılbaşlıq Azərbaycanda yaranmışdı. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də "Qızılbaşlar dövləti" adlandırılıb. Səfəvilər bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Bu da onu deməyə əsas verir ki, qızılbaşlar 6 əsr ərzində bu ərazilərdə kök salaraq dünyanın dörd bir yanına səpələniblər.
Dünyaya səpələnmiş qızılbaşlar
Pakistan və Hindistan ərazisində Azərbaycan türkləri 15-20-ci yüzilliklərdən bəri yaşayırlar. Onların çoxu 19-cu yüzillikdə Əfqanıstandan köçənlərdir və burada da Əfqanıstanda olduğu kimi, qızılbaş adı altında bilinirlər. Tariximizin iki mərhələsində Azərbaycan torpaqlarından böyük köç baş verib. Bunlardan biri Şah Təhmasib tərəfindən Moğol imperatoruna göndərilən 12000 qızılbaş döyüşçüsü, digəri isə Nadir Şah Avşar tərəfindən onun Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boylarıdır. İngilislərin apardığı siyahıyaalmaya görə, 1901-ci ildə indiki Hindistanın Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə 2877 nəfər, 1911-ci ilin siyahıyaalınmasına görə isə, indiki Pakistan və Hindistan Pəncabında, Dehlidə 1959 soydaşımız yaşayıb.
Əhalinin təbii artımını və xaricə köçü də nəzərə aldıqda bu iki ölkədəki qızılbaş sayını 20 min təxmin etmək olar. Pakistanda qızılbaşların sayı və rolu daha çoxdur. Qızılbaşlar bu ölkəyə prezident, nazirlər, generallar, səfir, hakim, şair bəxş ediblər. Bu gün də Pakistan ordusunda xidmət edən qızılbaş generallar və yüksəkrütbəli zabitlər var. Bunların bəziləri ilə tanışlığımız da mövcuddur.
Əfqanıstana Azərbaycan türkləri - qızılbaşlar 16-18-ci yüzilliklərdə yerləşiblər. Əsasən Nadir Şah Avşarın və onun ölümündən sonra Dürrani hakimlərinin zamanında indiki Əfqanıstana köçürülüblər. 19-cu yüzilliyə aid Britaniya dövlətinin məlumatına görə, onların sayı 50-200 min nəfər idi. Həmin tarixdən bu yana Əfqanıstanın toplam əhalisi təxminən 7-10 dəfə artıb ki, bu hesabla soydaşlarımızın bugünkü sayı 350 minlə 2 milyon arasında olmalıdır: "Əfqanıstandakı soydaşlarımız orada əsasən qızılbaş, mərvi, avşar və başqa adlar altında tanınırlar. Az bir qismini çıxmaqla, demək olar ki, hamısı farsdillidir. Qızılbaşlar Əfqanıstanda rəsmi olaraq qəbul edilən və konstitusiyada adı çəkilən etnik azlıqlardan biridir".
Özbəkistana Azərbaycan türklərinin - qızılbaşların köçü 16-19-cu yüzilliklərdə baş verib. Oradakı icmanın təmsilçilərinin bir çoxu 1785-1830-cu illər arasında indiki Türkmənistanda yerləşən tarixi Mərv şəhərindən köçürülən əslən Gəncəli Qacarlardır. Burada soydaşlarımız "ironi" (iranlı) adı altında tanınırlar və əsasən Zərəfşan vadisində, Səmərqəndin Pəncab, Baği Şumal və başqa yaşayış məntəqələrində məskunlaşıblar. Tarixi özbək qaynaqlarına əsasən, Mərvdən köçürülənlərin sayı 17 min ailə olub. Köçürülən qızılbaşlar şiə məzhəbli olduqlarına görə Özbəkistana - Buxara xanlığına gətiriləndən sonra məzhəblərarası problemlər ucbatından bir çoxu kimliyini gizlətməli olub. 1926-cı ilin sovet siyahıya alınmasına görə, Özbəkistanda 9,2 min "iranlı" vardı. Kimliyini gizləyənləri də nəzərə aldıqda, bugünkü sayları 50-200 min nəfər arasında təxmin edilir.
Türkmənistan ərazisi 18-ci yüzilliyin ortalarınadək demək olar ki, bütünlüklə, 1860-cı illərədək isə qismən Azərbaycan türklərinə aid dövlətlərin tərkibində və təsirində olub. Türkmən əhalisi indiki Türkmənistana əsasən 1717-ci ildən sonra yerləşməyə başlayıb və bu proses 1860-cı illərədək davam edib. Türkmənistan ərazisində bu gün rəsmi olaraq türkmənlərə aid edilən, ancaq linqvistik, etnoqrafik və tarixi faktları nəzərə aldıqda, Azərbaycan türklüyünə aid olan bir neçə yerli etnoqrafik qrup var: nohurlular, annaulular, mehinlilər, əlililər və başqaları. Bu qızılbaş icmaları türkmənlərin həmin ərazilərə köçündən qabaq buralarda yaşayıblar, daha sonra türkmənlərin təsirinə düşmələri və hənəfi məzhəbindən olmaları səbəbindən türkmən xalqı ilə assosiasiya olunmağa başlamışlarsa da, gündəlik həyatda türkmənlər tərəfindən həqiqi türkmən olaraq qəbul edilmirlər. Bundan başqa, Türkmənistanın İranla sərhəd zolağında Firuzə kimi bəzi yaşayış məntəqələrində daha sonrakı dövrlərdə Qarabağdan və başqa yerlərdən köçüb gələn Azərbaycan türkləri də var. Bu etnik qrup təmsilçilərinin toplam sayının 50 mindən az olmayacağını güman etmək olar.
Türkün İslamı qəbul etdikdən sonra formalaşan inanc forması qızılbaşlığı yaratdı. Müsəlman türk və qızılbaş demək olar ki, eyniyyət təşkil edirdi. Türküstandakı ayrı-ayrı təriqətlərə baxaq - nəqşibəndilik, bəktaşilik...
Qızılbaşlıq birdən-birə yaranmayıb. Bir tərəfdən babəkilik, hürufilik var idisə, digər tərəfdən XIII-XIV əsrlərdə yüksək səviyyəyə qaldırılan bəktaşilik, ceylanilik və nəqşibəndilik var idi. Faktiki olaraq, məlum olur ki, bunlar qızılbaşlığın müxtəlif formalarıdır.
Səfəvi-Osmanlı savaşları dövründə Osmanlının təzyiqləri gücləndirildi. Bir tərəfdən qızılbaşlıq təqibə məruz qalırdısa, digər tərəfdən də tərəfdarları artırdı. Bu zaman qızılbaşların cərgəsinə türk olmayan ünsürlər də qoşulurdu. Qızılbaşların I Qurultayı 1500-cü ildə bugünkü Ərzincanda keçirilib.
Sadəcə, qızılbaşlığa qarşı etiraz, digər tərəfdən cümhuriyyətdən sonra isə təqiblər dayandırıldıqdan sonra qeyri-türk ünsürlər, guya müsəlman olmaq üçün, sanki islamdan fərqlənən bir cərəyan kimi qızılbaşlığa qoşuldular. Nəticədə, qızılbaşlıq Türkiyədə bir, İranda başqa formada mahiyyətini itirdi.
Bəs İranda?
Bu gün Britaniyanın "The İndependent" qəzetində Daniel Babayaninin "İranın türk qızılbaşları kimlərdir?" (Who are the Qizilbash Turks of Iran?) məqaləsi dərc olunub.
Müəllif yazır ki, bir zamanlar Səfəvi xanədanının bel sütunu olan qızılbaşlar indi İranın şimalında, Güney Azərbaycanda yaşayırlar.
"Bu gün Güney Azərbaycandakuı Ramian, Minudəşt və Əliabad Katul şəhərlərində çox sayda qızılbaşlar yaşayırlar. 16-17-ci əsrlərdə Qarabağdan, Naxçıvandan və Urmudan köçüb buralara gələnqızılbaşlar dillərini, mədəniyyətlərini qoruyub saxlayıblar. Onlar Ramian və Minudəşt şəhərlərinin sakinlərinin əksəriyyətini təşkil edirlər. Ramiandakı qızılbaşların dialekti linqvistik baxımdan Nohurludakı türkmənlərin danışdıqları dilə çox yaxındır", - D.Babayani yazıb.
İranın şimal-şərqində, Güney Azərbaycanda, Xəzər dənizinin sahillərində olan və "Türkmən Səhrası" adlanan məkanda qızılbaşlarının yerləşməsinin siyasi, habelə hərbi və təhlükəsizlik səbəblər vardı. Belə ki, Səfəvi xanədanı şiəliyi qəbul etməmiş türkmən və özbək tayfalarının hücumlarının qarşısını almaq üçün qızılbaşları bura yerləşdirmişdi.
Şah Abbas dönəmində özbəklərin məğlubiyyətindən sonra qızılbaşlar Türkmən Səhrasının mühafizləri oldular. 18-ci əsrdə yaşamış türkmən şairi Maxtumkuli Pirağa yazmışdı: "Beş il sərasər bu kitab üçün çalışdım - qızılbaşlar gəldilər və onu məhv etdilər".
Türkmənlərlə özbəklərin məğlubiyytindən sonra qızılbaşlar Türkmən Səhrasında qalalar, qəsrlər inşa etdilər, kəndlər saldılar. İndiki dövrdə aparılmış aerofotoçəkilişlər göstərir ki, türkmən tayfaların birləşməsinin qarşısını almaq üçün qızılbaşlar şəhərlərlə kəndləri xətt üzrə inşa ediblər.
10-cu əsrdə İslamı qəbul etmiş oğuz tayfları olan qızılbaşlar ilkin dönəmlərdə Savalan, Qaradağ və Mokan tayfalarından ibarət idilər. Sonradan onlar Şah İsmayıl Xətaiyə and içərək səfəvi ordusunun ən qüdrətli, güclü hissəsini təşkil etdilər.
"Qızılbaş" kəlməsi isə 15-ci əsrdə yaranıb, mənası da "qızıl papaqlı", "qırmızı papaqlı" deməkdir.
Osmanlı Türkiyəsində isə hakimiyyətə qarşı çıxanlarla qiyamçıları "qızılbaşlar" adlandırardılar.
"Qızılbaş kişilər və qadınlar üçün ipək geyimin ayrılmaz, tərkib hissəsidir. İpək saplardan toxunmuş naxışlar isə qızılbaş geyimlərinin əlahiddə incədiyidir", - məqalədə deyilir.
Minudəşt sakini, tədqiqatçı Həcər Məmişli deyir: "Qızılbaşlar kişilərin geyimi iki ipək şalvardan, yaxalıqsıh qırmızı köynəkdən ibarətdir. Qırmızı rəng türk xalqların, o cümlədən türkmənlərin sevimli çalarıdır. Qızılbaşların paltarları şahvesənlərin geyimlərinə bənzəyir. İndi ənənəvi geyimi qızılbaşlar yalnız bayramlarda və toylarda geyinirlər".
Qızılbaş türk dilinin istifadə arealının zəifləməsi isə İranın hakimiyyət dairələrinin yürütdüyü siyasətlə bağlıdır. Rəsmi Tehran qızılbaşlara öz dillərində təhsili vəd etsə də, heç nə edilməyib.
Minudəştdə yaşayan və təqaüddə olan müəllim Məhəmədin dediyinə görə, qızılbaşların dili yox ola bilər: "Əfsuslar olsun ki, indi öz dilində az danışan qızılbaşların sayı artır. Gənclər arasında millik kimlik barədə düşünənlər çox deyil. İş o yerə çatıb ki, bəzi qızılbaşlar özlərini fars sayırlar".
Ramian sakini, 70 yaşlı Zeynəb də belə düşünür: "Türk dilimiz tədricən unudulur. Fars dili o qədər üstünlük təşkil edir ki, indi gündəlik həyatımızdakı danışığımızda fars sözləri çoxdur. Uşaqların məktəbdə yaxşı oxumaları üçün evdə fars dilində danışan qızılbaş ailələrin sayı artır. Bu isə qızılbaş türk dilinin, adətlərimizin, mədəniyyətimizin, ənənələrimizin tədricən zəifləməsinə səbəb olur".
... İrandakı qızılbaşlar özlərini hifz etməyə çalışırlar.
İlk əvvəl dillərini.
Ancaq bu, ağır prosesdir - Tehran maneələr yaratdığı üçün...