Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 20:44
KOBİA, İsrail Ticarət Palataları Federasiyası və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında memorandum imzalanıb
Sentyabrın 14-də Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Müşahidə Şurasının iclası keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclasda İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun 2022-ci ildə palata tərəfindən görülən işlər barədə məlumat verib. Tədbirdə İsrail şirkətləri tərəfindən Qarabağda və Azərbaycanın digər bölgələrində potensial layihələrin icrasına dair təqdimatlar keçirilib, palatanın 2023-cü ildəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkələrimiz arasında kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Vurğulanıb ki, KOBİA KOB-lara dəstək və xidmət sahəsində beynəlxalq təcrübəyə, o cümlədən bu sahədə İsrailin gördüyü tədbirlərə xüsusi diqqət göstərir. KOBİA-nın sahibkarlara təlim və məsləhət xidməti göstərən və 20-dən çox bölgəni əhatə edən Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri İsrail modeli əsasında fəaliyyət göstərir. İsraillə əməkdaşlıq imkanlarına gəlincə KOBİA sədri qeyd edib ki, İsrailin müvafiq strukturları ilə əlaqələrin gücləndirilməsi, bu ölkənin kiçik və orta müəssisələrinin Azərbaycanda birgə layihələrə dəvət edilməsi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın inkişafı planlaşdırılır.
İclas çərçivəsində həmçinin, KOBİA, İsrail Ticarət Palataları Federasiyası və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.