Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 21:10
Bakının Binəqədi rayonunda 1993-cü il təvəllüdlü Məzahir şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Azəri (adlar şərti verilib - red.) qətlə yetirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, hadisə 31 dekabr 2021-ci ildə, saat 22 radələrində "144 Tea House" adlı kafedə baş verib.
Məzahir kafedə sərxoş vəziyyətdə olarkən həmin vaxt kafeyə gələn Azəri görüb.
Məzahir Azərin bir neçə ay bundan əvvəl "Şəhrizad" kafesinin yanından keçərkən ona əvvəlcə "sənin ananı tanıyıram", daha sonra gülümsəyərək "müəllimdir" deməsini bir daha xatırlayıb. O, Azərin həmin ifadəni anasının ünvanına pis mənada kinayə ilə işlətməsini ehtimal edib və bunun səbəbini aydınlaşdırmadan onu öldürmək qərarına gəlib.
Bu məqsədlə kafenin mətbəxində istifadə olunan bıçağı götürüb və masa arxasında oturmuş Azərə çoxsaylı zərbələr yetirib.
Azər aldığı xəsarətlərdən vəfat edib.
"Dostluq münasibətimiz olmayıb"
İstintaq orqanı tərəfindən Məzahirin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məzahir ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mikrorayon ərazisində yerləşən "Şəhrizad" və "Yeni məkan" kafelərinin müştərisi olub: "Mərhum Azəri bu kafelərə gələndə görmüşəm və tanımışam. Onunla dostluq münasibətim olmayıb. Sadəcə salam-sağolumuz var idi".
"Azər mənə "səni vuraram" dedi"
Məzahir qeyd edib ki, 2021-ci ilin sentyabrında "Yeni məkan" kafesində çay içdikdən sonra evinə gedib: "Yay mövsümü ilə əlaqədar Azərgil "Şəhrizad" kafesinin çölündə oturmuşdular, üç kişi yemək yeyirdilər. Yoldan keçərkən Azər məni oturduqları masaya dəvət etdi. Onların yanına getdim. Stola əyləşən kimi Azər mənə "sənin ananı tanıyıram, müəllimdir" dedi. Mən donub qaldım. Çünki yaxın münasibətimiz yox idi və onun bu sualı mənə hansı məqsədlə verdiyini, bu söhbəti niyə açdığını başa düşmədim. Ondan bu söhbətə aydınlıq gətirməsini istəyirdim, ancaq Azər məndən fiziki olaraq böyük idi. O mənə "səni vuraram, cırıq-cırıq olarsan, get ananla, ailənlə məşğul ol" dedi. Mən də getdim".
"Bu, mənə psixi təsir edirdi"
Məzahirin ifadəsinə görə, bu söhbətdən sonra namaz qılmaqla, dini videolara baxmaqla bu söhbətin dərinliyinə getməməyə çalışıb:
"Hadisədən bir həftə əvvələ qədər də bu formada başımı qarışdırdım. Bu söhbətdən 10-12 gün keçdi. "Şəhrizad" kafesinin yanından keçirdim. Həmin gün aşpaz kimi çalışdığım başqa kafedə işdən çıxmışdım. Amma bunu heç kəs bilmirdi. Azər məni yolda gördü. Dedi ki, işdən niyə çıxmısan. Mən də ona "işdən çıxmamışam" dedim.
Azərin mənimlə axrıncı söhbətindən sonra ona heç salam vermək belə istəmədiyim üçün sualın dərinliyinə getmədim. Sonra oradan uzaqlaşdım.
İstər-istəməz Azərin mənim işdən çıxdığımı necə bilməsi, onun məni güdməsi barədə şübhələr yarandı. Bu, mənə psixi baxımdan pis təsir edirdi".
"Məni yola verdilər"
Təqsirləndirilən şəxs qeyd edib ki, Azərin bu hərəkətlərinə 1 il 5 ay dözüb, Azəri axtarmayıb: "Sonra elə vəziyyət yarandı ki, namaz qılmağı dayandırdım və yenidən içki içməyə başladım. Azəri vurduğum gündən 15-20 gün qabaq onu axtarırdım ki, bu sözlərə aydınlıq gətirməyimi istəyim.
Hər iki kafeyə gedərək Azəri axtardım. Lakin heç kəs onun nömrəsini mənə vermədi. Azərin kafeyə gəlmədiyini bildirərək məni yola verdilər".
"Ümumi söhbətlər danışılırdı"
Təqsirləndirilən şəxs dekabrın 31-də Yeni il axşamı evdən çıxıb: "Əvvəllər "Yeni məkan" kimi fəaliyyət göstərən kafe artıq "144" kafesi kimi fəaliyyət göstərirdi. Bayramlaşmaq üçün həmin kafeyə getdim. İçəridə 3-4 nəfər var idi. Orada divanda oturdum.
Kafenin müdiri olan qadın, onun anası və bir neçə başqa qadın digər masada əyləşmişdilər. Kafenin idarəçisi məni öz bayram süfrəsinə dəvət etdi. Onların stoluna əyləşdim. Bundan 15-20 dəqiqə sonra Azər kafeyə gələrək bizim masada oturdu və söhbət etməyə başladı. Masada ümumi söhbətlər danışılırdı".
"Polisə təslim oldum"
Məzahir deyib ki, Azər onun yaxasından tutaraq yuxarı qaldırıb: "Azərin bu hərəkəti və bundan əlavə əvvəllər anam barəsində kinayə ilə danışması, mənim işdən çıxmağımı bilməsi kimi hallar məndə yığılmışdı. Onun bu hərəkətindən sonra ayağa qalxdım. Həmin vaxt özümdə deyildim.
Mətbəxə daxil oldum. Əslində mətbəxə bıçaq götürmək üçün getməmişdim. Bir az irəli getdikdə orada tualet var idi. Tualetə girmək istədim, qapısı bağlı idi. Orada dayandım, artıq özümdə deyildim. Bıçaq gördüm, onu götürüb Azəri bir dəfə vurdum. Ətrafda olan şəxslər səs-küy saldılar. Mən də kafedən çölə çıxdım. Daha sonra məhəlləyə getdim.
Azərə ağır xəsarət yetirdiyimi düşünmədiyim üçün polis əməkdaşlarının mənə zəng edəcəyini gözləmirdim. Hadisədən 15-20 dəqiqə sonra polis əməkdaşları zəng edərək harada olduğumu soruşdular. Məhəllədə olduğumu bildirdim. Onlar məndən binanın qarşısına gəlməyimi istədilər. Mən də binanın qarşısına keçərək təslim oldum".
"5 min manat verdim"
Təqsirləndirilən şəxs deyib ki, Azərin anası barəsində kinayə ilə danışmasını, onun yaxasından tutaraq qaldırmasını özü üçün təhqir kimi qəbul edib. Bildirib ki, Azərin yaxasından tutaraq qaldırmasını ona "peysər deməsi" kimi qəbul edib. Onun ifadəsinə görə, Azəri vuranda niyyəti onu öldürmək olmayıb.
Cinayət işi üzrə şahid qismində ifadə verən Məzahirin anasının sözlərinə görə, oğlunun psixi baxımdan vəziyyəti yaxşı deyil.
Qeyd edib ki, oğlu anadan olduqdan sonra beynində problemlər yaranıb, hadisənin necə baş verdiyini bilmir: "Yanvarın 1-də gecə saatlarında zəng gəldi ki, oğlum prokurorluqdadır. Nə mərhumu, nə də onun ailəsini tanımışam. Hadisədən sonra mərhumun ailəsinin yanına getmişəm, onlara üzrxahlıq etmişəm. Onlara 5000 manat pul verməklə və bir dəfə onların evinə bazarlıq etməklə köməklik etmişəm".
"Şikayətçiyəm"
Şahid deyib ki, özü də övladlarını atasız böyüdüb. Qeyd edib ki, mərhumum ailəsi ona heç bir aqressivlik göstərməyib, onlar etdiyi yardımları qəbul ediblər.
Cinayət işi üzrə ifadə verən mərhumun həyat yoldaşı bildirib ki, Məzahir adlı şəxsi tanımır, onu heç vaxt görməyib və adını eşitməyib: "Mərhum Azər ərim idi. Ərimin ölümündən sonra Məzahir adlı şəxsin varlığından xəbərim olub. 19 yaşında bir qızım və 16 yaşında bir oğlum var. Mərhum ərim çox sakit və tərbiyəli insan idi. Təqsirləndirilən şəxsdən şikayətçiyəm".
Məzahir 17 il müddətinə azadlıqdan məhrum edilib.