Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 19:00
Bakı. Trend:
2019-cu ilin avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, bu il avqustun 31-ə qədər Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,269.1 mln. manat, cəmi öhdəlikləri isə 25,655.5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,613.6 mln. manat olub.
Avqust ayına sektorun aktivlərinin 44.7%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.4% (184.1 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 13,526.4 mln. manat təşkil edib. Kredit portfelinin 61.5%-ni biznes, 38.5%-ni isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2.4%, biznes kreditləri isə 0.8% artıb. Aktivlərin 45.7%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.
2019-cu ilin avqust ayında fiziki şəxslərin əmanətləri 8,456.9 mln. manat təşkil edib. Ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1.5 % (79.7 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 5,437.1 mln. manat olmuşdur. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0.8% (24.8 mln. manat), milli valyutada isə 2.3% (54.9 mln. manat) artmışdır.
Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0.3% (30.3 mln. manat) artaraq 10,603.4 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 1.3% (32.2 mln. manat) artaraq 2,543.0 mln. manat təşkil etmişdir.
Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, məcmu kapital 4,161.7 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 14.9% çoxdur. Balans kapitalı avqust ayı ərzində 0.7% (30.6 mln. manat) artaraq 4,613.6 mln. manat təşkil etmişdir.
Avqust ayında bankların əməliyyat mənfəəti 17.3% (81.9 mln. manat) artaraq 554.3 mln. manat, xalis mənfəəti isə 13.8% (55.9 mln. manat) artaraq 462.1 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.5%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artmışdır.
Avqust ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.7% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil etmişdir. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi (30%) 1.9 dəfə üstələyir (56.9%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir;
Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,588 olub. Bank sektorunun işçi heyətinin sayında artım avqust ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin avqust ayında işçi sayı 1.5% (277 nəfər) artaraq 18,711 nəfər təşkil edib.
31 avqust 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin