Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

Tarix: 1 Oktyabr 2019 14:44

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq Əlaqələr Sektorunun müdiri Zaur Vəliməmmədli və Təsisatın Gəncə Ofisinin rəhbəri Səbuhi Abbasov 26-27 sentyabr tarixlərdə Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyasının 25-ci ildönümünə həsr olunmuş tədbirində iştirak ediblər.

Trend-in məlumatına görə, sözügedən tədbirdə Avropa Şuarsının İnsan Hüquqları Komissarı, BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin prezidenti, BMT-nin Milli İnsan Hüquqları ilə iş üzrə bölməsinin rəhbəri və bir sıra yüksək rütbəli rəsmiləri ilə yanaşı, Avropa Şurasına üzv ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları İnstitutlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə Z. Vəliməmmədli çıxışı zamanı ilk öncə Azərbaycan Ombudsmanının və Qurumun bütün kollektivin adından Komissiyanın üzvlərini yubiley münasibəti ilə təbrik edib və xoş arzularını çatdırıb. O, Ombudsmanın ayrı-seçkiliyin qarşısının alınması sahəsindəki fəaliyyəti zamanı beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi yer verildiyini qeyd edib.

Belə ki, hazırda Ombudsmanın Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üzrə Tərəfdaşlığa dair birgə proqram çərçivəsində “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihəsinə qoşulduğunu və bu layihə çərçivəsində həm təcrübəli kadrların yetişdirilməsinin, həm də ölkəmizdə maarifləndirici tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu iştirakçıların diqqətinə çatdırıb.

Eyni zamanda o Ombudsmanın regionlarda keçirdiyi ictimai dinləmələr çərçivəsində təşkil olunan maarifləndirmə tədbirlərinin yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ayrı-seçkiliklə səmərəli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin qeyd olunub ki, nifrət nitqi və ya ayrı-seçkilik hallarının müəyyənləşdirilməsində hüquqi maarifləndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən multikultural dəyərlərə üstünlük verilən bir ölkənin Ombudsmanı olaraq regionlarda milli azlıqlar da daxil olmaqla, bütün əhali qrupları ilə görüşlər keçirdiyi onlarla maarifləndirmə işi apardığı xüsusi ilə vurğulanıb.

Tədbir zamanı Aparatın nümayəndəsi Ombudsmanın yazılı təbrik mesajını da Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyasının sədri cənab Jan-Pol Lehnerə təqdim edərək bir daha xoş arzularını çatdırıb.

Səfər çərçivəsində Z.Vəliməmmədli eyni zamanda Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üzrə Tərəfdaşlığa dair birgə proqramı çərçivəsində sözügedən layihəsinin əlaqələndiricisi qismində şərq tərəfdaşı ölkələrinin layihə üzrə təmsilçiləri ilə birgə keçirilən iclasında da iştirak edib. Ombudsmanın nümayəndəsi layihənin icrası ilə bağlı təsisatın regional ofislərinin işinin təkmilləşdirilməsinə dair Ombudsmanın təkliflərini AŞ nümayəndələrinin diqqətinə çatdırıb. O, eyni zamanda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının implementasiyasının, əlaqələndirilməsinin və qiymətləndirilməsinin Ombudsman tərəfindən həyata keçirildiyini bildirmiş və ayrı-seçkilik, nifrət nitqi və nifrət zəminində cinayət qurbanlarının hüquqlarının səmərəli müdafiəsi ilə əlaqədar Ombudsmanın mandatının daha da gücləndirilməsi istiqamətində təkliflər hazırlanacağını qeyd edib. Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti və yuxarıda qeyd olunan təklifləri Avropa Şurası nümayəndələri tərəfindən müsbət qarşılanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ombudsmanın ayrı seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ