Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2022 11:08
Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Bu barədə qurumdan məlumat verilib.
Qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub və uşaqlarla zəruri söhbət aparılıb:
"Müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür".
Faktla bağlı hadisənin baş verdiyi 112 nömrəli tam orta məktəb də məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib.
"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.