Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 10:12
İrəvan ikinci kapitulyasiyaya sürüklənir; Bakı və Ankara bütün məkrli oyunları pozmaq gücündədir...
ATƏT-in Minsk Qrupunun həmsədri qismində heç bir işə yaramayan Fransa indi də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Onsuz da "ikili oyun"la vaxt uzatmaq istəyən İrəvanı yanlış səmtə yönəltməyə və bir az da qeyri-konstruktivliyə kökləməyə səy edir.
Fransa prezidenti Emmanuel Makronun srağagünkü müsahibəsində Azərbaycan əleyhinə yer alan fikirlər, o sırada Makronun Bakını sərhəd təxribatlarında ittiham eləməsi, "Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir, biz erməniləri tək buraxmayacağıq" sözləri, habelə həyasızcasına Qarabağı mübahisəli ərazi kimi təqdim eləməsi bunun növbəti bariz sübutu sayıla bilər.
Rəsmi Parisin əsas hədəfi təxminən bəlli: "kiçik bacı" Ermənistanla ortaq olub Güney Qafqazı öz bildikləri kimi qarışdırmaq və "bulanıq suda balıq tutmaq". Yəni özünə regionda yer açıb Fransanın maraqlarını irəli aparmaq. Hətta bundan ötrü Makron hazırda sədrlik elədiyi Avropa İttifaqının, Aİ Şurası Prezidenti Şarl Mişelin uğurlu sülh təşəbbüskarlığını belə görməzlikdən gəlməyə, ona qarşı çıxmağa hazır görünür.
Lakin Fransanın oğrun yolla bölgəmizdə möhkəmlənmək sevdası baş tutan deyil. Çünki qatı ermənipərəst bir dövlətə regionun aparıcı ölkəsi olan Azərbaycan və Azərbaycan-Türkiyə tandemi öz çirkin planlarını həyata keçirməyə imkan verməz. Ümumiyyətlə, bəd niyyətli heç bir dövlətə Güney Qafqazda "erməni kartı" ilə oyunlar qurmaq lüksü tanınmayacaq. Bunu Yelisey sarayında da qulaqlarında sırğa eləsələr, yaxşı olar.
Güney Qafqazda sayılanlardan olmağın tək yolu Bakı-İrəvan barışığına, böyük sülh sazişinə səmimi şəkildə töhfə verməkdir, nəinki haqq-nahaq Ermənistanın yanında durmaq, ermənidən çox erməni olmaqdır. Əslində bu, heç erməni xalqına lazım da deyil. Fransa siyasi rəhbərliyi isə Makronun timsalında kapitulyant ölkəyə faktiki təzə quyu qazır, ona "ayı xidməti" göstərir...
*****
"Fransa ilə Avropa İttifaqının Cənubi Qafqaz məsələsində mövqeləri toqquşur".
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, bunu politoloq Tofiq Abbasov deyib. Onun fikrincə, Brüssellə Parisin məqsədləri başqadır: "Avropa İttifaqı iqtisadi seqmentə köklənib. Bu qurumu düşündürən Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya yol açmaqdır. Siyasi məsələlər Aİ-ni o qədər də maraqlandırmır. Ona görə də Şarl Mişel ehtiyatlı davranır. O, həqiqətən, problemlərin həll olunmasını və təhlükəsizliyin təmin edilməsini istəyir. Çünki iqtisadi layihələrin reallaşması üçün ən birinci şərt təhlükəsizliyin təminatıdır".
Ekspert ABŞ, Fransa, Norveç, Yunanıstan kimi dövlətlərin açıq-aşkar anti-Azərbaycan siyasəti yürütdüyünü deyir: "Onlar "oyunu pozmağa" çalışırlar. Qərbin regiona yerləşmək arzusu reallaşa bilməz. Heç bir region dövləti buna razı olmaz. Əlbəttə, Qərbin məqsədi Cənubi Qafqazda sabitlik deyil. Onları düşündürən məkrli planlarıdır. Fransa çalışır ki, Ermənistan vasitəsilə regiona yerləşsin və hətta bacararsa, bura hərbi kontingent gətirsin. Amma bunlar xam xəyallardır".
*****
Bununla belə, əfsus ki, məhz Fransa kimi dövlətlərdən mənəvi güc alan Ermənistan danışıqlarda özünü ağıllı yox, yenə köhnə əyyamlardakı kimi ərköyün aparır. İlin sonunadək sülh müqaviləsini imzalamaq çağırışlarına ciddiliklə yanaşmır, 10 noyabr kapitulyasiya sənədinin əsas bəndlərinin icrasından yayınır, vaxtaşırı sülh prosesinə köhnə mövzularla pəl vurur, əldə olunan kövrək anlaşmaları təhrif və öz bildiyi kimi təqdim edir, Azərbaycanın səbri ilə oynayır. Bununla da əslində daimi sülhü deyil, yeni müharibəni yaxınlaşdırır.
"Noyabr ayında Azərbaycan ilə Ermənistan arasında böyük hərbi münaqişə başlayacaq. Hazırda hər iki tərəf hazırlıq işləri görür. Sərhəddə ara-sıra baş verən atışmalar da bunun göstəricisidir".
Bu sensasion iddianı tanınmış erməni siyasətçi Armen Baqdasaryan irəli sürüb.
"Hadisələrin gedişatı məhz buna dəlalət edir. Bizi yeni müharibə gözləyir. Azərbaycanın səbri tükənib və əgər məsələ diplomatik masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər. Aydındır ki, avropalıların öz maraqları var, ona görə də biz onlara arxalana bilmərik. Biz buna ümid belə edə bilmərik, çünki Qərbin Azərbaycanın qarşısına qoya biləcək heç bir mexanizmləri yoxdur".
Baqdasaryana görə, Rusiya da Ermənistanı dəstəkləməyəcək. "Kreml daha ağrılı cavab verəcək, çünki bilir ki, ABŞ bizim bölgədə yalnız öz maraqlarına uyğun fəaliyyət göstərir, bu ölkənin marağı isə yalnız birdir: Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün əlindən gələni etmək", - deyə erməni ekspert qeyd edib.
*****
Məsələ də ondadır ki, İrəvanın "iki stul" siyasəti tezliklə onun öz başında çatlaya bilər. Bir şey qalmayıb. "Arada qalıb" zərbə yeməkdən yayınmağın yeganə yolu isə Bakı ilə vaxt itirmədən sülh sazişi imzalamaqdır. Azərbaycan Prezidentinin bir neçə dəfə vurğuladığı kimi, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş etdirilərsə, bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.
Yox, İrəvan havadarlarına arxayın olub bu şansı da qaçırsa, demək, yeni müharibəni və ikinci kapitulyasiyanı haqq eləmiş olacaq. Seçim özünündür...