Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 17:40
Bakı. Trend:
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibəti ilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ziyarət edilib.
“Regional İnkişaf” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə 1 saylı uşaq evinin sakinləri də iştirak ediblər. Balacaların təqdim etdikləri səhnəcik, rəqs və bədii qiraət nümunələri görüşə xüsusi rəng qatıb. Əyləncəli proqramla davam edən tədbirdə müsabiqə və yarışlar keçirilib, qaliblər mükafatlandırılıb.
RİİB-in Bakı regionu üzrə könüllülərinin iştirakı ilə keçən tədbirdə 1 saylı uşaq evinin sakinləri və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri öz əl işləri olan hədiyyə və açıqçaları, yazdıqları məktubları ahıllara təqdim ediblər.
Görüşün keçirilməsində məqsəd əlamətdar gündə pansionatin sakinlərinə xoş ovqat bəxş etməklə yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlarla ahıl və tənha insanları bir araya gətirmək, onlar arasında səmimi ünsiyyətin qurulmasına zəmin yaratmaq idi. Tədbir həm də balacalarda yaşlılara hörmət və mərhəmət hissini artırmağa, onlara diqqət və qayğı göstərmək kimi müsbət keyfiyyətləri aşılamağa yönəlmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin