Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 09:42
Paytaxt Bakıda, habelə Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması üçün bu günədək görülən işlərin heç bir faydası olmaması göz önündədir. Dünyanın meqapolislərinin nəqliyyat infrastrukturuna nəzər saldıqda görürük ki, iki istiqamətə daha çox üstünlük verilir - metronun bütün sıx yaşayış məntəqələrini əhatə etməsinə və xüsusi avtobus zolaqlarının, metrobus xəttinin yaradılmasına.
Bakını tıxaclardan xilas etmək üçün də bunlar prioritet olmalıdırmı? Məsələn, bir şad xəbər verilib ki, "Xocasən" metro stansiyasında infrastrukturun qurulması, təchizat sistemlərinin qurulması istiqamətində son tamamlanma işləri gedir. Stansiya ilin sonuna qədər təhvil veriləcək.
Nəzərə çatdıraq ki, Xocasən-Sulutəpə istiqamətində son illərdə minlərlə yeni fərdi ev, onlarla çoxmərtəbəli bina tikilib və bu istiqamətdə azı yarım milyon əhali məskunlaşıb. Bu baxımdan həmin ərazidə metro stansiyasının istifadəyə verilməsi Bakı-Sumqayıt yolunda tıxaca təsir edə bilər.
Əgər metro Xocasənə qədər gedibsə, ondan 2-3 kilometr sonrakı - yüz minlərlə insanın yaşadığı Xırdalana və paraleli olan Masazıra da xətt çəkilişi başlaya bilər, əgər bu istək olarsa, dövlət dəstək olarsa.
Ekspertlər deyir ki, işlərin sürətli olması üçün metro xəttini müəyyən çətin ərazilərdə yerin üstü ilə də ayrıca bir zolaq ayırıb çəkmək olar və bu xətti şimal istiqamətində Sumqayıtadək, cənubdan Qaradağadək uzatmaq 2-3 ilə həyata keçirilə bilər.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Bakı şəhərinin Baş Planı layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Sənəd paytaxtın 213 min 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan dövr üçün şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Oktyabrın 18-də Bakı şəhərinin Baş Planının qısa təqdimatı ilə bağlı videoçarx da yayılıb. Görüntülərdə şəhəri 2040-cı ilə qədər gözləyən dəyişikliklər öz əksini tapıb. Belə ki, qarşıdakı illərdə Bakı şəhərində 54 kilometrlik tramvay xətti, 47 stansiyadan ibarət metro və Böyükşor gölü ətrafında istirahət kompleksləri inşa ediləcək.
Bəziləri isə bütün işlərin 2040-cı ilədək reallaşacağına şübhə ilə yanaşır...
Eldəniz Cəfərov: "Bu gün öhdəlikdə olan işləri görməyən qurumlar 2040-cı ildən dəm vururlar"
Sonxeber.net xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "yeni müsavat"a bunları dedi: "Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması üçün əslində hər hansı bir əməli iş görülməyib. Sadəcə, yolun bir hissəsi bir qədər genişləndirilib. Amma həmin yolun "Şamaxinka" deyilən ərazisində yenidən daralması və yol boyunca Masazır, Xırdalan istiqamətlərində yolun daralması yenə də burada tıxacların olmasına gətirib çıxarır. Metro şəbəkəsinin inkişafı əlbəttə ki, yaxşı olardı. Məsələ ondadır ki, metro yeraltı nəqliyyat vasitəsidir. Bu yeraltı relyefin imkan verdiyi qədər istədiyimiz ərazidə metro xəttinin çəkilməsi mümkün ola bilir. İstənilən yerdə yerin altında metro çəkmək, metro registri salmaq mümkün deyil. O ki qaldı avtobus zolaqları məsələsinə, bu gün bəzi qurumlar deyirlər ki, avtobus zolaqları yoxdur, ona görə avtobuslar tıxaclarda qalır. Mütləq bu yaradılmalıdır və sairə. Mən belə düşünmürəm. Əgər marşrutda kifayət qədər avtobus yoxdursa, avtobus zolaqları bura kömək etməyəcək. Avtobus zolaqları bəhanə gətirilirsə, misal üçün, avtobus zolağı zəbt olunubsa və avtobillər həmin zolaqda hərəkət edirsə, yaxud dayanıbsa, avtobus həmin zolaqdan çıxıb rahat yolla gedə bilər. Bunu kimsə ona qadağan etmir. Əgər avtobusun zolağı yoxdursa, yaxud da onun zolağı tutulubsa, kənar yolla gedə bilər. Burada nə var ki?! Avtobuslar niyə yoxdur soruşanda, deyilir ki, avtobus zolağı yoxdur, tıxacda qalır. Bunlar hamısı bəhanələrdir. Hamı bilir ki, marşrutda avtobus yoxdur. Problem avtobus və sürücü çatışmazlığındadır. Zolaqlar olsa belə, bu məsələ həll edilmir. Başdan-başa şəhərin hər yerində bu zolağı çəkmək mümkündürmü? Mümkün olan yerlərdə zolaqlar çəkilib və çəkilir. Bunun əleyhinə deyiləm. Sadəcə zolağı bəhanə edib ictimai nəqliyyatda səliqə-sahman, qayda-qanun yaratmayan qurumlara görə bir vətəndaş kimi utanıram. Bu gülməlidir ki, əvvəllər də zolaqlar olmayıb, ictimai nəqliyyat işləyib".
Ekspert əlavə edib ki, avtobus zolaqları məntiqlə, yol hərəkətinin tənzimlənməsinə yardım etmək məqsədilə, avtobusların hərəkətinə yardım məqsədilə, qaydalara uyğun çəkilməlidir: "Amma biz bu gün görürük ki, avtobus zolaqlarını necə gəldi çəkirlər. Hər hansı bir nəqliyyat vasitəsinin daxil olmasını qadağan ediblər. Avtobus zolaqları yalnız avtobuslar üçün nəzərdə tutulmayıb. Bu gün rəsmi qaydada fəaliyyət göstərən taksi-minik avtomobilləri də avtobus zolağında gedə bilər. Bunu məsuliyyətimlə deyirəm. Taksi də ictimai nəqliyyatın bir qoludur. Avtobus zolağında taksilərin, velosipedlərin, skuterlərin, motosikletlərin də getməsi normaldır. Buna normal baxmaq lazımdır. Avtobus zolaqları elə yerdə çəkilməlidir ki, o yolların daraldılmasına və butulka effektinin yaranmasına gəlib çıxmasın. Butulka effekti əslində tıxacların yaranmasına səbəb olur. Bu gün Bakıda yol infrastrukturunu darmadağın edən qurumlar nədənsə qeyd edirlər ki, avtobus zolağı yoxdursa, avtobus işləməyəcək. Avtomobil yollarının düz ortasında eni 2 metr yarım, 3 metr yarım olan beton panelləri döşəyirlər. Yolları daraldırlar, butulka effekti yaratmaqla bu qurumlar özləri Bakı şəhərində avtomobil sıxlığını tıxaca çevirirlər. Misal çəkə bilərəm, bir neçə il bundan qabaq Ağa Nemətulla küçəsindəki bərbad layihələndirmə, bərbad yol-tikinti işləri aparıldı. Daha sonra Əhməd Rəcəbli küçəsində betonların yolun ortasına düzülməsi prosesi hələ də gedir. Yollar təqribən 3 metr enində daraldılıb. Bu da təbii ki, sıxlığın yaranmasına gətirib çıxarır. Əhmədli ərazisində Seyid Əzim Şirvani küçəsində yolları daraltmışdılar. Tanınmayan layihə əsasında yolları daraltdılar. Qəzalar baş verdi, ictimai nəqliyyatın hərəkəti orada iflic oldu. Qəzalar nəticəsində narazılıq yaranandan sonra yenidən həmin layihəni ləğv etdilər. Həmin yolu yenidən bərpa etdilər. Belə demək olar ki, dövlətin pulunu küləyə sovurdular".
Ekspert qeyd edib ki, Bakının xarici və daxili əhatəsində, kənarında metro stansiyalarının olmasının əhəmiyyəti çoxdur: "Paralel olaraq dəmiryolu nəqliyyat vasitələrinin olması, sürətli tramvayların çəkilməsi yaxşı olardı. Deyilənə görə, belə bir ideyalar var. Lakin bunun 2040-cı ilə qədər olacağı söylənilir. Amma 2040-ci il o qədər böyük bir perspektivdir ki, onu biz bu gün təhlil edə bilmirik. Bu layihələrin olub-olmayacağına heç kim zəmanət verə bilməz. Layihələri elan etməzdən əvvəl onu mərhələli şəkildə, məsələn, 5 il sonra nə olacağı qeyd edilməlidir. Misal üçün, bu gün 2022-ci ildir, bildirilməlidir ki, 2027-ci ildə nə olacaq. Amma indi deyirlər ki, 2040-cı ildə nələrsə olacaq. Əslində bu realdır, olmalıdır. Amma bu beşilliklərlə, üçilliklərlə, mərhələlərlə qeyd edilməlidir. Onsuz da bizim icra olunmamış o qədər proqramlarımız var ki, onlardan biri də "Yol hərəkətinin təhlükəsizliyinə dair" Dövlət Proqramıdır. Bu proqram 2019-2023-cü illər ərzində Azərbaycanda tıxacların qarşısının alınması, ictimai nəqliyyatın yaxşı işləməsi, qəzaların sayının azalması istiqamətində müəyyən işlərin görülməsi nəzərdə tutulurdu. Lakin biz görürük ki, 2022-ci il bitir, bu layihənin heç 10 faizi də icra olunmayıb. Yəni bu gün öhdəlikdə olan işləri görməyən qurumlar 2040-cı ildən dəm vururlar ki, bunu edəcəyik. Ona görə də mən bu işə o qədər də optimist yanaşa bilmirəm ki, 2040-cı ildə hər şey gözəl olacaq. Əgər gözəl olacaqsa, bu gün gözəl olsun, bu gün üçün də proqramlar var. Bəs niyə qeyd etdiyim proqram icra olunmur, cənab Prezident imzalayıb, göndərib, amma getmir".
Ceyhun Məmmədov: "Dünya ölkələrinin, Rusiya, Türkiyə praktikasından yararlanmaq olar"
Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı "Yeni Müsavat"a bunları dedi: "Bu gün reallıqdır ki, paytaxtda tıxac məsələsi ciddi bir problemə çevrilib. Əhalinin mütləq əksəriyyəti tıxacdan əziyyət çəkir. Xüsusilə də biz kənardan Bakıya gələnlərin sayında bunu açıq görürük. Hər gün çox sayda insan Sumqayıta, Sumqayıtdan Bakıya, Masazıra, Xırdalana və digər ərazilərə gedir. Əlbəttə, bu da nəqliyyata öz təsirini göstərir. O baxımdan, tıxac məsələsinin kökündən həll edilməsi üçün çox ciddi təhlil aparılmalıdır. Qərarlar qəbul edilməlidir. Bakı-Sumqayıt sürət qatarı bu prosesə müəyyən qədər təsir etsə də, məsələ tam həllini tapmayıb. Hesab edirəm ki, metro xəttinin çəkilməsi məsələsinə baxılar. Xırdalana, Masazıra da metro xəttinin çəkilməsi məsələsi həll olunacaq. Dünyanın bir çox ölkələrində, Rusiyada-Moskvada da bu var. Metro xəttini, vəziyyəti nəzərə alaraq, yerin üstü ilə aparıb və ayrıca bir zolaq çəkə bilərlər. Türkiyədə də bu problem var idi. Orada metrobuslar düşünülüb. Metrobuslar Türkiyədə nəqliyyatda olan tıxacları aradan qaldırıb. Alternativ yollar çəkilə bilər. Bütün hallarda biz bu barədə ciddi düşünməliyik. Getdikcə əhalinin sayı artır, bölgələrdən çox sayda əhali paytaxtda məskunlaşır. Bu da müəyyən çətinliklər yaradır. O çətinliklərin aradan qalxması üçün müəyyən qərarlar verilməlidir. O baxımdan da metro xəttinin çəkilməsi, eləcə də alternativ nəqliyyat barədə düşünməyə ciddi ehtiyac var. Əks halda, biz bu problemi yaşayacağıq".