Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 21:52
"Qalib gəlsək də, oyunda yaxşı dinamika oldu".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XI turunda doğma arenasında "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Matçın ardından təşkil edilən mətbuat konfransında 50 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib: "Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi. Sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm".
- Talalayev sizin yanınızda təcrübəyə gəlmək istədiyini deyib. Buna münasibətiniz necədir?
- Ona təşəkkür edirəm. Nisbətən kiçik klublarda təcrübə keçmək istəyir. Nə vaxt gəlmək istəsə, problem yoxdur. Klubun işi, məşqçilərin fəaliyyəti ilə maraqlanması xoşdur. Bu, bizim məsuliyyətimizi artırır. Son vaxtlar Rusiya kanallarında ola bilsin ki, çox hallanıb. Amma bizim orada çıxış etmiş Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçularımız olub.
- Sonuncu dəfə 8 ay əvvəl evdə "Marsel"ə uduzmusunuz. Bu qələbə performansını nə ilə izah edə bilərsiniz?
- İzah edəsi bir şey yoxdur. Sadəcə, komandanı hər oyuna yaxşı motivasiya etməyə çalışırıq. Həm fiziki, həm psixoloji hazırlığını yüksək səviyyəyə gətirməyə çalışırıq. Qeyri-adi nəsə var deyə bilmərəm. Ümimi iş prosesidir.
- Bədavi Hüseynovun durumu necədir?
- Durumuna böyük ehtimalla sabah aydınlıq gələcək. Məşqdə də ağrısı var idi. Dünən hər şey qaydasında idi. Oyun epizodunda əzələsində ağrı hiss etdi. Həm özü, həm də biz risk etmək istəmədik.
- "Nant"ı məğlub etdikdən sonra rəqibinizi izləmisiniz?
- Oyunlarına baxmışam. Onların məğlubiyyətləri bizi aldada bilər. Bir neçə epizodda texniki səhvlər olur ki, bununla hamımız rastlaşmışıq. "Frayburq"a böyük hesabla uduzsalar da, çempionat matçında başqa dinamika, sürət var idi. Çox yaxşı idilər, hücum futbolu göstərdilər. Sanki bizə hazırlıq kimi idi. Qarşıda 4-5 gün vaxtımız var. Daha yaxından təhlil edəcəyik.
- Filip Ozobiç "Viktoriya" ilə görüşdən sonra avrokuboklarda əsas heyətdə meydana çıxa bilmir. Onun müdafiə olunmaqda problemi olduğu üçün bu addımı atmısınız?
- Ozobiç heç də az oynamayıb. Bəzi oyunçuların sonradan meydana daxil olması bəzən daha faydalı olur. Rəqibin oyun sisteminə uyğun qərar verməli olursan. Oyunlarda bəzi rotasiyalar olur. Hər bir futbolçunun istənilən oyunda əsas heyətdə çıxmaq şansı var.
- "Nant"la səfər oyunu tarixi matçlardan biri olacaq. Sizi heç-heçə də növbəti mərhələyə daşıya bilər. Bu, sizi razı salacaq?
- Bu barədə düşünmürəm. Yaxşı nəticə əldə etmək istəyirik. İstənilən rəqibə qarşı minimum onların səviyyəsində oynamağa çalışırıq. Baxmayaraq ki, bizdən yüksək səviyyəli çempionatlarda çıxış edirlər. Oyunumuzu daim qorumaq mənim üçün çox vacibdir. Avropa arenasında stabil oyun göstərmək önəmlidir. Əsas məqsədim komandanı matçlara hazırlamaqdır. Ola bilər ki, heç-heçə də bizi qane etsin. Qalibiyyət daha yaxşı olar. Məğlubiyyət haqda düşünməyək.
- Rəqibin baş məşqçisi Bakıdakı matçdan sonra demişdi ki, evdə revanş almaq istəyəcəklər...
- Normal baxıram. Hər bir komandanın mərhələ adlamaq şansı var. Belə fikirlərə hörmətlə yanaşıram. Qeyri-adi nəsə yoxdur.
- Səfər oyunlarındakı qələbələrinizi həzm etməyənlər var, təxribatla üzləşmisiniz. Fransada bunun baş verməməsi üçün müraciətiniz olub?
- Klub rəhbərliyi bu işlə məşğul olur. Son vaxtlar təxribatlar azalıb. Belə şeylərə fikir vermirik.
- U-19-un sabiq baş məşqçisi Miloş Velebit deyib ki, Azərbaycan futbolunun gələcəyi Nəriman Axundzadədir. Bildirdi ki, AFFA rəhbərliyi sizinlə danışıb. Onun "Qarabağ"da 4-5 dəqiqə oynamaq ehtimalı var?
- İnformasiyası çox böyükdür. Bizim oyunçudur, onun yaxşılığından başqa heç nə düşünmürük. Nə vaxt harada oynaması barədə yetərincə düşünürük. Fikirlər mənə bir az qəribə gəldi. Nəriman həmişə bizim yanımızdadır. Vaxtı gələndə oyunlara çıxacaq. Öz üzərində çox çalışmalıdır. Onda yaxşılığa doğru çox dəyişiklik var. Amma tək bir futbolçu ilə Azərbaycan futbolunun gələcəyini düşünmək olmaz. Nərimanların sayı çox olmalıdır.
- Şahruddin Məhəmmədəliyevin iştirak ərizəsində olmaması nə ilə bağlıdır. Quqeşaşvilinin çıxışı sizi qane edir?
- Şahruddinin ayağında ağrıları var idi, risk etmədik, istirahət verdik. Qarşıda bir neçə gün vaxt var, durumuna baxacağıq. Quqeşaşvili çempionatın əksər oyunlarında iştirak edib. Qapıçının daha çox inkişaf etməsi üçün mütləq çox oynaması lazımdır. Hər şey yaxşılığa doğru gedir. Amma özü üzərində çox çalışmalıdıq. Böyük oyunlarda iştirak etsə, daha yaxşı olar. Ancaq hələ çox məşq etməli, hazırlaşmalıdır.
- 10 oyunda 10 qələbəniz var. Bu startı gözləyirdiniz?
- Dünya futbolunda olan hadisə kimi baxıram. Çox vaxt olur ki, hansısa komanda qalibiyyət seriyası yaxalayır. Biz də həmin seriyanın içindəyik. İstənilən komandanın istənilən rəqibi məğlub etmək potensialı var. Bütün komandalara ciddi yanaşırıq. Bu o demək deyil ki, bütün oyunlarda qələbə qazanacağıq, məğlubiyyətimiz olmayacaq. Bu istəyi saxlamaq heç də asan deyil. Qalibiyyətlər üzərimizə daha çox yük qoyur.