Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan Sovet Respublikası illərində də xaricdən erməniləri gətirərək, ölkədə ermənilərin sayını çoxaltmağa çalışdılar'' - Elşad Həsənov

''Ermənistan Sovet Respublikası illərində də xaricdən erməniləri gətirərək, ölkədə ermənilərin sayını çoxaltmağa çalışdılar'' - Elşad Həsənov

Tarix: 21 Oktyabr 2022 10:54

Ermənistan parlamenti dövlət büdcəsinə azı  "150 min dollar ianə etməklə erməni pasportu (vətəndaşlıq) ala bilmək haqqında" qərar qəbul etməyə hazırlaşır. Əslində dünyanın bir çox ölkəsində tətbiq edilən bu praktika Ermənistan ekspert dairələrində və sosial şəbəkələrində böyük panikaya və səs-küyə yol açıb.

Ermənistan Hesablama Palatasının sədri Nairi Sərkisyan iştirak etdiyi verilişin efiri zamanı bu qərarın "fəsadlarından" danışıb:

"Bu qərar Ermənistan üçün daxilə qoyulmuş bombadır. Bir müddət sonra bomba partlayacaq və Ermənistan içəridən parçalanacaq. Siz bir düşünün, 300 min varlı azərbaycanlı Ermənistan vətəndaşlığı alır, sonra küçələrə çıxır və dövlət çevrilişi edir. Onlardan biri isə dövlətin başına keçir... Bu artıq real ola biləcək bir ssenaridir".

Ermənistanın belə panikaya düşməsinin bir əsası varmı, yoxsa bu mövzu məqsədli şəkildə gündəmə gətirilir?

Sonxeber.net xəbər verir ki, siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanın burada bir neçə məqsədi var:

"Ermənistan parlamentinin qəbul etməyə hazırlaşdığı Ermənistan vətəndaşlığı almaq üçün 150 min dollar məsələsi bütün ölkələrdə tədbiq olunur. Ancaq Ermənistan kimi kasıb, geridə qalmış bir ölkə üçün 150 min çoxdur. Görünür,  bu pulla onlar iqtisadiyyatlarını qaldırmaq istəyirlər. Həmçinin  dünyada yaşayan erməniləri özlərinə cəlb etmək istəyirlər. Sarkisyanın dediyində də həqiqət var. Onlar hamısı bilirlər ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır. Bizim orda babalarımızın, nənələrimizin ruhu qalıb. Biz öz torpaqlarımıza qayıdacağıq. Çar Rusiyası tərəfindən həmin torpaqlar ermənilərə verildi. Sonra sovet dönəmində bizim torpaqlarımızın hesabına Gürcüstandan bir hissəsini alaraq ermənilərə verdilər və Ermənistan dövləti yaratdılar. Hələ Ermənistan Sovet Respublikası illərində də xaricdən erməniləri gətirərək, Ermənistanda ermənilərin sayını çoxaltmağa çalışdılar. Tədricən də azərbaycanlıları sıxışdırıb çıxartdılar. Sonuncu çıxarılma isə 1988-ci ildə baş verdi. Qarabağ ətrafında baş verən münaqişə nəticəsində orda yaşayan 250 mindən artıq soydaşımız güclə çıxarıldı və bir çoxları da orada öldürüldü, məhv edildi. Bunu bizim müasir gənclərimiz də bilirlər, bilməlidirlər də. Ona görə, Sarkisyan düz deyir ki, azərbaycanlılar o torpaqlara qayıdacaqlar. Çünki onlar zorla, silah gücünə çıxarılıblar.   Biz 150 min verib, vətəndaşlıq alaraq yox, beynəlxalq hüquqa söykənən qanunlara görə, zorla çıxarıldığımıza görə öz torpaqlarımıza qayıdacağıq. Onların buna heç bir şübhəsi olmasın. İndiki dövrdə  bütün bunlar real olmaya bilər. Ancaq sülh müqaviləsi bağlanandan, münasibətlər yaxşılaşandan sonra, təbii ki, bizim iş adamları da, əslən Ermənistandan olan adamlar da öz torpaqlarına qayıtmaq üçün lazım olan pulu verəcəklər. Beynəlxalq qanunlar əsasında biz öz mülkümüzü geri almağa çabalar göstərəcəyik. Sarkisyan başa düşür ki, qanun Azərbaycanın tərəfindədir. Millətindən asılı olmayaraq, zorla köçürülmüş adamlar öz hüquqlarını bərpa etməyə hazırdırlar. Mən güman edirəm ki, gələcəkdə belə hallar geniş vüsət alacaq. Artıq indidən var. Bir çox soydaşlarımız Ermənistanı Beynəlxalq məhkəməyə veriblər. Orada olan öz mülklərinin, torpaqlarının alınması ilə bağlı məhkəmə prosesi gedir. Əminəm ki, belə hallar daha da çoxalacaq. 250 min nəfərin haqlarının bərpa olması yönündə bizim vəkillər, hüquq-mühafizə orqanları müvafiq işlər aparacaqlar".

Qeyd edək ki, bu günlərdə Ermənistan vətəndaşlığını almaq üçün yeni tələb açıqlanıb. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın vətəndaşlığını almaq üçün xaricilər ölkə iqtisadiyyatına 150 min dollar yatırmalıdır. Bundan sonra onlara vətəndaşlıq verilib-verilməyəcəyinə baxılacaq. Məlumatı Ermənistanın Daxili İşlər Nazirliyi təsdiqləyib.

Ekspertlər hesab edir ki, Nikol Paşinyan hakimiyyəti bu addımla ölkəyə axın edən Rusiya və Belarus vətəndaşlarının qarşını almaq istəyir.


Etiketlər:  Ermənistan Sovet Respublikası illərində xaricdən erməniləri gətirərək ölkədə ermənilərin sayını çoxaltmağa çalışdılar Elşad Həsənov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ