Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 16:57
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Britaniyanın yeni Baş naziri Rişi Sunaka ünvanladığı təbrik məktubunda deyilir.
"Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf etməkdədir.
Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlıq münasibətlərini xüsusi qeyd etmək istərdim. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx tərəfdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və dəstəyini yüksək qiymətləndiririk. Eyni zamanda, son otuz ildə neft-qaz hasilatında yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində də işbirliyimiz bizi sevindirir", - deyə məktubda qeyd olunub.