Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 10:22
Bakıdan reaksiyalar: "Separatçı ermənilərin olduğu Azərbaycan ərazisində rusların hansısa hüquqlarının qorunmasını ortaya atmaq təxribatdır"
İlk dəfə olaraq Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşlarının görüşü keçirilib. İclasda ruslar arasından fəallar və icma şuranın üzvləri iştirak edib. Rusiya vətəndaşları bildiriblər ki, rus icmasının həyatında və Qarabağın gələcək taleyində öz iştiraklarını gücləndirəcəklər. İclasın yekunu olaraq Qarabağda yaşayan ruslar adından Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla müraciət edilməsi qərara alınıb.
İclasda Qarabağda yaşayan ruslara pulsuz hüquqi xidmət göstərmək üçün hüquq mərkəzinin yaradılması təsdiq edilib. Rusiya Federasiyası vətəndaşlarının görüşləri ən azı ayda bir dəfə keçiriləcək. İclas iştirakçıları bildiriblər ki, onların təhlükəsizliyini Rusiya sülhməramlı kontingenti təmin edir. Qeyd olunur ki, rusların bir hissəsi Qarabağ torpağını ata-baba mirası hesab edir. Rusların təhsil və mədəniyyət sahəsindəki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş Rus Mədəniyyəti Evinin yenidən qurulmasına xüsusi diqqət yetiriləcək. Müharibədən sonrakı iki il ərzində rus icması Rusiya sülhməramlı kontingenti ilə birlikdə Qarabağda bir sıra mədəni-maarif tədbirləri keçirib. Rusiya Mədəniyyət Evində yerləşəcək Xankəndi Rus Dram Teatrının təməlinin qoyulması qərara alınıb.
Məlumdur ki, Rusiyanın Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında yerləşdirilməsindən sonra tələsik "rus icması" yaradıldı. Moskvadan Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının məzunu, Bakıda anadan olmuş, kökəncə erməni Aleksandır Bordovun rəhbərlik etdiyi "icma" Xankəndi və ətrafında "slavyan əsilli" şəxslərin siyahısını hazırladı. Sözügedən qondarma icmanın 2021-ci ilə aid hesabatında Qarabağın dağlıq hissəsində daimi yaşayan 1500 rus və 2500 slavyanın qeydiyyatdan keçdiyi yer alıb. Məlum məsələdir ki, Qarabağda deyildiyi qədər rusun yaşaması barədə göstərilən rəqəm ağ yalandır. Hətta dinc dövrdə belə Xankəndidə və ermənilər yaşayan ətraf bölgələrdə rusların sayı çox az idi. İndi də ola bilsin ki, Qarabağda qarışıq nikahı olan ruslar var, amma onların saylarının "icma yaratmaq" həddə olmadığı dəqiqdir. Bundan əlavə, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda "Rus mərkəzi" açılıb. Separatçılar guya bu təşkilatın "müstəqil" olduğunu iddia etsələr də, əslində oyuncaq rejimin başçısı Araik Arutyunyan rusları "artsax vətəndaşı" adlandırmaqla şantaj edir. O, hazırda Xankəndidə yaşayan ruslardan Rusiyanın özünə qarşı istifadə edir, belə rəy yaratmaq istəyir ki, guya Qarabağda "rus icması" var və onlar da bu sərsəm "müstəqilliyi" arzulayırlar. Bəzi təhlilçilərə görə,Rusiya regionda qalmaq üçün İrəvanın şantajını Azərbaycanın ərazi bütövlüyünə təhdidlə "durdura", Qarabağda vəziyyəti ermənilərin xeyrinə dəyişmək yönündə cəhdlər edə bilər. Rus icmasının şübhəli fəallığı da bu iddiaların əsassız olmadığını göstərir.
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirdi ki, Qarabağda "rus icması" söhbətinin separatçı ermənilərin quraşdırdığı oyun olduğunu Rusiya da yaxşı bilir: "Qarabağda hansısa rus icmasından söhbət gedə bilməz. Çünki Qarabağda nə əvvəllər, nə də indi rus mənşəli insanların sayı icma yaradılacaq sayda olmayıb. Azərbaycanda rus mənşəli vətəndaşlarımız yaşayır və ölkəmizdə rus icması fəaliyyət göstərir. Rus icmasının rəhbəri Milli Məclisin üzvüdür. Rus icmasının üzvləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında digər vətəndaşlarımızla bərabər hüquqda aktivdirlər. Əgər Qarabağda az sayda da olsa rus mənşəli Azərbaycan vətəndaşları yaşayırsa, onlar da ölkəmizin digər ərazilərində yaşayan soydaşları kimi Azərbaycandakı rus icmasının üzvü ola bilərlər. Lakin erməni separatçılarının quraşdırdığı qondarma saxta "icma"da olmaları qəbul edilə bilməz. Araik Arutyunyan bu cür saxtakarlıqlarla manipulyasiya edir və bu yolla Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışır. Xankəndidə guya rus icmasının mövcudluğunu məhz Arutyunyan ortaya atıb. Sonra isə bu məsələni ermənilərin təsiri altında olan bir sıra Rusiya media orqanları tirajlayıblar. Bu gün Qarabağda rus icması məsələsinin separatçılar və bəzi ruslar tərəfindən gündəmə gətirilməsi Azərbaycan-Rusiya münasibətlərinə təhdid yaradır. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə kifayət qədər yaxşı münasibət var. Bunu dəfələrlə Vladmir Putin şəxsən bəyan edib. Odur ki, separatçı ermənilərin olduğu Azərbaycan bölgəsində rusların hansısa hüquqlarının qorunmasının zəruriliyi məsələsini ortaya atmaq yersizdir və təxribatdır. Bu, həm də Rusiya sülhməramlılarının orada fəaliyyət müddətini uzatmağa hesablanmış təxribatdır. Azərbaycan bu cür təxribatların cavabını verəcək".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Rusiya İkinci Qarabağ müharibəsindən dərhal rus icmasını təsis edərək aktivləşdirib. Məqsəd Azərbaycanda sülhməramlı adı altında öz hərbçilərini saxlamaqdır: "Ümumiyyətlə, Qarabağda rus icması mövcud olmayıb. Azərbaycanda bir rus icması var. Ölkəmiz ərazisində qondarma rus icmasının yaradılması Rusiya və Azərbaycan arasında 22 fevral 2022-ci il tarixdə imzalanmış Moskva bəyannaməsinə ziddir. Rusiya Qarabağda bununla Azərbaycana qarşı separatçılıq edir. Erməni icması ilə Azərbaycan dialoq qurmaq istiqamətindədir. Amma burada "rus icması" peyda olur və Kremlə müraciət edir. Bu, açıq-aşkar siyasi şantaj Azərbaycanın ərazi bütövlüyünü pozmaqdır. Rusiyanın bu siyasəti uğurlu olmayacaq. Rusiyadan bir neçə KQB əməkdaşını Xankəndinə gətirib yerləşdirməklə rus icması qurmaq avantüradır. Rəsmi Bakı Rusiyadan izahat tələb etməlidir. Həmçinin prezidentlərin ayın 31-də Soçidə keçiriləcək görüşündə Prezident İlham Əliyev bunu Vladimir Putinlə müzakirə edərək belə siyasi oyunbazlıqlara son verilməsini tələb etməlidir. Rusiya açıq-aşkar Qarabağda şantaja əl atır. İmkan vermək istəmir ki, erməni icması ilə birbaşa dialoqumuzu təşkil edək. Qondarma rus icmasına mədəniyyət evi tikmək, məktəblər açmağın qarşısı alınmalıdır. Proses öz ciddiyyətini qoruyur və rəsmi Bakı addımlar atmalıdır. Araik Arutyunyan təbii ki, belə nüanslardan istifadə edəcək. Tarixi sənədlər var və bu sənədlər sübut edir ki, Qarabağda ruslar barmaqla sayılacaq olub. O da əsasən rus qadınlarının ermənilərlə və ya azərbaycanlılarla ailə qurması nəticəsində meydana gəlib".