Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 22:06
Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Ağdam təmsilçisi Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Belçika mediası püşkatmanın nəticəsində operativ reaksiya verib.
Belə ki, nieuwsblad.be saytı "Qarabağ" barədə yazı hazırlayıb. ""Anderlext" üçün pis xatirə və Azərbaycanın Fergüssonu" adlı yazıda əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fəaliyyətinə toxunulub.
Onun 27 il "Mançester Yunated"in baş məşqçisi işləmiş Aleks Fergüssonla müqayisə edilməsi təsadüfi deyil. Axı, Fergüsson qədər uzun müddətli olmasa da, Qurban Qurbanov uzun illərdir (14 il) eyni komandaya başçılıq edir. Qurban Qurbanovun və məşqçi fəaliyyətinə ötəri nəzər salınıb. Komandanın bugünkü durumu barədə isə sayt yazıb:
"Qarabağ"da səs-küylü ad tapa bilmərsiniz. Burada azərbaycanlı və bir çox digər əcnəbi millətlərdən futbolçular var. Marko Veşoviç Belqradda "Srvena Zvezda"da təcrübə toplayıb. O, "Torino", "Riyeke" və "Legiya"da da oynayıb. 31 yaşlı çernoqoriyalı "Qarabağ"da artıq ikinci mövsümünü keçirir. 33 yaşlı milliləşdirilmiş braziliyalı Riçard (Almeyda - red.) "Qarabağ"ın əvəzolunmaz parçasıdır.
Abdullah Zubir fransalı legionerdir. O, Şotlandiya və Rumıniyadan sonra futbol xoşbəxtliyini Azərbaycanda axtarır. Qurbanlı və Şeydayev komandanın daxili liqada ən yaxşı bombardirləridir".
Yazıda "Qarabağ"ın 12 oyunun hamısında qalib gələrək hazırda Azərbaycan Premyer Liqasına başçılıq etdiyi bildirilir. Həmçinin komandanın bu mövsüm Avropa Liqasındakı çıxışına toxunulub.
Sonda qeyd edilir ki, "Anderlext" (Belçika) üçün "Qarabağ"ın xoş olmayan xatirəsi var. Brüssel təmsilçisi 2015/16 mövsümü Avroliqanın Bakıda keçirilən qrup oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.