Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Cibimə 500 manat qoydular ki, söy bizi, mən də sürüdüm e...” - Əli Mirəliyevdən ŞOK SÖZLƏR

“Cibimə 500 manat qoydular ki, söy bizi, mən də sürüdüm e...” - Əli Mirəliyevdən ŞOK SÖZLƏR

Tarix: 10 Noyabr 2022 23:40

Müsahibə istədik, özünə xas əda ilə "məni görmək istəyirsən, sən gəl də mən nöş gəlirəm" dedi. Biz də yol aldıq onun Mərdəkandakı evinə. Saat günorta 3 olardı. Həyətdə bizi böyük çoban köpəyi və göyərçinləri ilə qarşılayır. Yenə xarakterindən vaz keçməyərək, bir az deyinir: "Səhər tezdən oyatmısız yuxudan". İçəri dəvət edir. Evə giririk. Hiss olunur ki, evə çoxdan qadın əli dəyməyib. Masa başında oturub özünə çay süzür, peçenye ilə çay içə-içə danışmağa başlayır. Söhbət zamanı tez-tez "coşub-daşır", səsini yüksəldir, özündən çıxır. Sonra sakitləşib davam edir. Qısası, Lent.az-ın müsahibi ən qəribə adamlardan biri kimi tanınan müğənni Əli Mirəliyevdir.

- Tək yaşayırsız burda?

- Həri. Yenə gedib yazacaqsınız ki, Əli Mirəliyev boşanıb. Boşanmamışam. Arvad şəhərdə oğlumla yaşayır. Oğlumun arvadı o vaxt uşağı atıb getdi üstümüzə, uşaq indi Ankarada oxuyur, oğlum anası ilə qalır. Bir oğlum, bir qızım var. Gördüm gəlmirlər, mən də bağı filan satdım. Tək yaşayıram. Bakıda qala bilmirəm daha. Burda hava yaxşıdı. Alışmışam təkliyə.

- Xanım xarakterinizə dözmür qaçır, ya necə?

- Mən uşaqlıqdan təklik sevirəm. İnternatda böyümüşəm. Yerimi özüm yığıram, evi özüm təmizləyirəm. Vasvasıyam.

- Sizi adətən qalmaqallı adam kimi tanıyırlar. Qonşularla yola gedirsiniz?

- Gedin, qonşulardan soruşun. Mən kişi adamam. Burda hamı mənə hörmət edir.

- Əli Mirəliyev cavanlıqdan davakar idi ya sonradan belə oldu?

- Lotuların içində böyümüşəm, Lotu Ənvər, Lotu Bəxtiyar, Ağbaş Nizam, Dağlı Cavanşir. Bunların arasında mən bəyəm necə olmalıydım? Olar məni həm məşhur edib, həm pul qazandırıb, həm də formalaşdırıb. Başıma banderollarla pullar səpilirdi. Hər dəfə bir çanta pulla qayıdırdım evə. Bakıda ən qəşəng geyinən oğlan mən idim. "Pijon Alik" deyirdilər mənə. İndiki kimi Əli Mirəliyev adı ilə tanınmırdım. Amma davaya getmək lazım gələndə də çağırırdılar. Ağzın nə idi getməyəydin? Deyirdi "gəl, vəssalam, axşam saat 5-də filan yerdə ol". Əllərimə bax, yumruq atmaqdan əyilib barmaqlarım.

- Bəs sizi o mühitdən kim tapıb gətirdi səhnəyə?

- "Dan ulduzu" ansamblının rəhbəri Gülarə Əliyeva. Allah rəhmət eləsin. Çox xanım-xatın qadın idi. Onun yanında mənim hünərim nə idi artıq-əskik danışım? Radioda yayımlanan səs yazılarımı eşidib, məni axtarıbmış. Amma tapa bilmirmiş. 2 il sonra bir toyda qarşılaşdıq. Mən toyda oxuyurdum, o qonaq idi. Gülarə xanım efirlərə çıxan məşhur sima idi, tanıdım. Gördüm qəribə gülümsəyərək baxır. Yaxınlaşa bilmirəm, sifariş sifarişin dalınca gəlir. Arada fasilə vaxtı yoldaşı yaxınlaşdı mənə ki, Gülarə xanım səninlə danışmaq istəyir. Yaxınlaşdım. O, hər dəfə məni axtarıb soruşanda ansamblda tar çalan Zamiq var idi, o deyib ki, Əli bu ansambla lazım deyil, xuliqandır, içir, söyüş-söyür. Amma o qəbul elədi. Ondan sonra mən başladım "Dan ulduzu" ansamblında oxumağa. "Dan ulduzu"nda Flora Kərimova, Yalçın Rzazadə, mən, Hüseynağa Hadıyev, Xədicə Abbasova daima ştatdaydıq. Akif İslamzadə ilə Məmmədbağır Bağırzadə dəvətlə gəlirdilər.

- Demək elə o vaxtdan "ad çıxarmışdınız?"

- Dedim axı lotuların arasında böyümüşdüm. Başqa nə cür ola bilərdim? Sən bilirsən kimin yanına gəlmisən? Elə bilirsən mən təkcə müğənniyəm? Müğənnilik mənim ikinci dərəcəli işimdi. Mənim əsas işim insanlara düzgün yol göstərməkdir. Mənə gecə yuxuda vəhy gəlir ki, filankəs pis oxuyur, düz eləmir, onu xəbərdar elə. Musiqimiz qalıb özbaşına. Ona bir nəzarət edən yoxdur. Azərbaycan musiqisi qalıb qıraqda, başqa xalqların mahnısını oxuyuruq. Mənə bunu vəhy ilə deyirlər. Gecə yatıram Cahangir Cahangirov yuxuma girir, deyir, Əli, Alimin (Alim Qasımov) qızına niyə demirsən ki, mənim mahnıma toxunmasın? Niyə mənim Vaqifin sözlərinə yazdığım "Durnalar" mahnımı hind ritmində oxuyur? Fərqanəyə deyirəm ki, ay qız, Cahangir Balaxanıda doğulub, ya Hindistanda? Niyə onun mahnısını bu günə qoyursan? Kefin istəyir, get, öz mahnılarını yazdır, istədiyin kimi oxu. Atası dərviş, özü hind.

- Hamının "bostanına bir daş atırsınız". Qəbul edirlər?

- Qəbul eləməsələr də, eləsələr də deyirəm. Telefonu bağlayıram üzlərinə cavab da verə bilmirlər.

- Birdən qarşınıza özünüzdən davakarı çıxdı? Onda gərək "dəyənək göydən yağa"?

- Yağsın da. Davadan qorxacam? Hamı bilir ki mən sözümü saxlamıram, gəldi deyəcəyəm.

- Bu qədər əsəblə necə dözürsünüz? Xəstə düşmək olar...

- 2009-cu ildə insult keçirdim. Yuxudan durdum ki, ağzım əyilib. Yuxu arteriyam zədələnsə idi indi həyatda deyildim. Öldüm dirildim də. Allah öldürməyəndə öldürmür. Evdə də tək idim. Zəng etdim, arvadım həkimdi, gördüm, dilim söz tutmur, bildi ki insult keçirmişəm, dedi ki, tərpənmə. Mən də çıxmışam həyətdə damın üstünə. Bir təhər düşdüm. Dava-dərman, müalicə...

- Sənət yoldaşlarınızdan kimsə gəlmişdi yanınıza?

- İlhamə Quliyeva ilə Flora Kərimova gəlmişdi. Flora bizdə idi. İlhamə dedi "gəlirəm", buna dedim "sən get, o gəlir".

- Çoxdandı aparıcı kimi yoxsuz efirlərdə. Nə üçün?

- Özüm bilərəm. Məni istəyənlər bunu televiziya rəhbərlərindən soruşsunlar da, məndən niyə soruşurlar? Layihə olmalıydı, hələ saxlayıblar.

- Səhnəyə çıxan kişi və qadın müğənnilərin estetik əməliyyatlar etdirməsinə necə baxırsınız?

- Əşşi, bunların elədiyi gözəllik deyil axı. Kişi də özünü gözəlləşdirər? Qadın eləsə, başa düşərəm. Kişi özünü qadına oxşadanda adı nə olur? O daha kişi deyil, nakişidi. Özlərinə də deyirəm.

- Dediklərinizi qəbul ediblər?

- Cəhənnəmə eləməsinlər.

- Siz çoxlarını tənqid edirsiniz, tələffüzünə, oxumağına irad bildirirsiniz. Guya siz özünüz çox düz danışırsınız?

- Yox hirslənəndə yox.

- Sizə irad bildirən olmayıb?

- Cavanlıqda çox olub. Deyirdilər pəltəkdir, bundan oxuyan olmaz. Dilimin üstündə danışırdım. Gülağa Məmmədov Səid Rüstəmova deyirdi ki, bundan oxuyan olmaz. Öz üzərimdə işlədim düzəltdim.

- İndi də var...

- İndi olan keçirdiyim insulta görədir.

- Bu qədər dava edirsiniz, qalmaqallara girirsiniz. Kin saxlayırsınız sonra?

- Yox.

- Oxuyanlardan kimi bəyənirsiniz?

- Mənsum İbrahimovu, Aygün Bayramovanı, Təyyar Bayramovu, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Güllü Muradova, estrada oxuyanlardan Elton Hüseynəliyev, Nurlan Növrəsli. Mirələm Mirələmovu yox. Gözəl səsi var, amma Alim Qasımovun yoluyla gedir.

- Alim Qasımovu bütün dünya bəyənir. Siz bəyənmirsiniz?

- Cavanlıqda yaxşı oxuyurdu. İndi bəyənmirəm. Alimi bəyənmişəm 1992-ci ilə qədər. Sonra o, Elnarə Abdullayeva keçdilər mərsiyəxanlığa. Fəxri adı olanda adam belə edər? Sevda Ələkbərzadə, sən Üzeyir bəyin əsərini niyə dəyişməlisən? Nə ixtiyarın var buna? Sevda deyir "mən yenilik edirəm". Sənin nə ixtiyarın var ki, musiqinin banisinə yenilik edəsən? Çünki musiqinin yiyəsi yoxdur.

- Bəs Aygün Bəylərin oxumağına nə deyirsiniz?

- Aygünü mən öyrətmişəm. Yaxşı qızdı. Bir az imici qəribədir, bir az da hərdən bir oxumağında o yan-bu yan olur, amma sənətkardır.

- Deyirlər, cavanlar populyarlıq qazanmaq üçün sizə pul verirlər. Kimi tənqid edirsiniz adam ulduz olur...

- Düz deyirlər. Olub. O vaxt "Toylar kralı" proqramında münsif idim. Elə-belə oxuyan uşaqlar vardı, meyxana ilə ara mahnısını qatmışdılar bir-birinə. Cibimə 500 manat qoydular ki, söy bizi. Mən də sürüdüm e, Ağsu aşırımından üzüaşağı saatda səksə sürətlə. Çox olub. Pullarını da verirlər, biabır da olurlar. Amma bic tərpəndilər də, məndən sonra məşhurlaşdılar. Mən söyürəm, amma hamı onlardan danışır.

- Üzeyiri də siz deyib-deyib populyar elədiz?

- Üzeyir çox abırlı oğlandı. Hərdən gəlir bizə.

- Bəs Səməd Səmədov? Deyirlər bir vaxtlar qəsdən efirdə şou xətrinə dava eləmisiniz.

- Səməd mənim dostum olub. Onu səhnəyə mən gətirmişəm. Səməd oxuyan deyildi ki. Aparatları vardı, toylara gedirdi mənimlə. Bir dəfə Bakı toylarından birində yalvar-yaxar elədi mənə ki, oxuyum. Aşqabaddan gəlmişdi. Dilimizi də mən öyrətmişəm ona. Toyu çevirdi diskotekaya. Qızlar çadırı cırıb girdilər mağara. Ona qədər qadınların kişi toyuna girməsi nə gəzirdi? İki evliliyi olub. Birinci arvaddan olan oğlunu bıçaqlayıb öldürdülər. Sonra ikinci xanımından bir oğlu iki qızı oldu.

- Əlaqə saxlayırsınız?

- Hər gün yox, amma olur zəngləşirik.

- Müğənnilər əllərində pul olanda biznes qururlar. Sizin də biznesiniz olub?

- Yox olmayıb. Biznes quranlar da müğənni olmayıblar, sənətə biznes kimi baxıblar.

- Yenə toya gedirsiniz?

- Çağırsalar hə. İndi toy var? Adı toydu.

- Elgizlə efirdə çıxardığınız hay-küy qurama idi?

- Mən Elgizlə veriliş aparanda iki dəfə üstümə "Təcili yardım" gəlib. Qəsdən əsəbiləşdirirdi ki, camaat baxsın.

- Bəs siz niyə razılaşırdınız?

- Elə söz deyirdi cinlənirdim, az qalırdım döyəm. Qəsdən edirdi. Sonra çöldə qucaqlayırdı ki, veriliş xətrinə idi.

- Deyirsiz çamadanla pul qazanmısız. Kiməsə nəsə vermisiz, kömək etmisiniz?

- Niyə verməmişəm? Çox olub. Vermişəm demişəm bu pulu verdim sənə, bir daha da istəmə. Dadanmasınlar da.

- Belə bir imicdə yaşamaq sizə əziyyətli deyil? Yoxsa özünüzü qorumaq və ya qazanmaq üçün belə edirsiniz?

- Məni tanısan çox istəyəcəksən. Nə edim? Belə tərbiyə almışdım. Maraqlı tipajam da. Mənim sayəmdə camaat reytinq toplayır, pul qazanır.


Etiketlər:  Cibimə manat qoydular söy bizi mən sürüdüm Əli Mirəliyevdən ŞOK SÖZLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ